Azərbaycanda Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılıb
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Sosial tərəfdaşlıq: Əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda sosial tərəfdaşların, beynəlxalq ekspertlərin, müəssisə, idarə və təşkilatların əməyin mühafizəsinə məsul şəxsləri iştirak edib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq sahəsində atılan növbəti uğurlu addımdır: \"Müvafiq qeyri-hökumət təşkilatlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də bu Şuraya cəlb edilməsi nəzərdə tutulur. Ümumən MDB məkanında ilk dəfə olaraq yaradılan Üçtərəfli Sosial Şura Baş Kollektiv Sazişdə nəzərdə tutulan sosial tərəfdaşlıq prinsiplərini yeni formatda daha dolğun şəkildə təcəssüm etdirəcək. Şuranın yaradılması beynəlxalq təcrübəyə və inkişaf etmiş dövlətlərdə müsbət nəticələrin əldə edilməsinə əsaslanır. Sosial Şuranın əsas məqsədi sosial tərəfdaşların hüquq bərabərliyi prinsipi əsasında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, konvensiyalarda və milli qanunvericilikdə nəzərdə tutulan iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün birgə fəaliyyəti təmin etməkdən ibarətdir. Əminəm ki, yeni yaradılan bu Şura təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinə, əməyin mühafizəsi ilə bağlı vahid dövlət siyasətinin inkişafına dəyərli töhfələrini verəcək".
Tədbirin davamında çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev ötən il Azərbaycanda əməyin mühafizəsi istiqamətində geniş miqyaslı işlərin görüldüyünü deyib. O bildirib ki, ölkədə əməyin mühafizəsi istiqamətində müvafiq qurumlar və sosial tərəfdaşlarla işlər genişlənir: "Ötən il işçilərin hüquqlarının pozulması faktı üzrə 945 göstəriş təqdim olunub. Bundan əlavə, istehsalatda təhlükəsizlik tələblərinin pozulmasına dair altı minə yaxın fakt qeydə alınıb".
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev isə bu istiqamətdə işəgötötürənlərin daha məsuliyyətli olmasının önəmindən danışıb.
S.Mehbalıyev və M.Musayev çıxışları zamanı Sosial Şuranın yaradılmasının iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin qurulması üçün mühüm əhəmiyyət kəsb edəcəyini deyib.
Konfransın sonunda Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması barədə qərar qəbul edilib və Şuranın Əsasnaməsi təsdiqlənib.Qərarı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və Azərbaycan Sahibkarlar Konfederasiyasının Məmməd Musayev imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB