Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ötən ilin statistikasını açıqlayıb
Ötən il Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən vətəndaşların 1084 müraciətinə baxılıb. SİA-nın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, daxil olan müraciətlərdən 234-ü cinayət xarakterli olub. Həmin müraciətlərdən 128-i üzrə cinayət işi başlanıb. 2011-ci ildə idarənin istintaq şöbəsində 287 cinayət işinin ibtidai araşdırılması həyata keçirilib, 229 şəxs barəsində 142 cinayət işinin isə tamamlanaraq məhkəməyə göndərilib. Ötən il 16 şəxs barəsində 11 iş rüşvət alma, 3 şəxs barəsində 2 iş nüfuz alveri ilə bağlı olub. İstintaqı aparılan və hazırda icraatda olan cinayət işləri ilə bağlı fiziki və hüquqi şəxslərə vurulmuş 17 milyon 165 min manat ziyandan 7 milyon 822 min manatın ödənilməsi təmin edilib.
K. Əliyev korrupsiyaya qarşı mübarizədə effektivliyi artırmaq, bu cür hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində 2011-ci il martın 3-dən etibarən 24 saat ərzində fəaliyyət göstərən \"161\" nömrəli \"Qaynar xətt\" əlaqə mərkəzi yaradıldığını bildirib: "Ötən müddət ərzində \"Qaynar xətt\"ə 3578 müraciət daxil olub, korrupsiya ilə əlaqədar olmayan bir sıra müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulan hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib.
K. Əliyev həmçinin vurğulayıb ki, Korrupsiya ilə mübarizə bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən \"Qaynar xətt\" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur, digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilən tədbirlər həyata keçirilir. Belə ki, ötən ilin mart ayında qaynar xəttə daxil olan müraciətlərin sayı 1028, iyul ayında 285, noyabr ayında isə bu göstərici 223-ə enib. Daxil olan müraciətlərdən 27 müraciət üzrə müxtəlif maddələrlə cinayət işi başlayaraq 33 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Həmin cinayət işlərinin 14-nün istintaqı yekunlaşaraq baxılması üçün məhkəmələrə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB