BMT-nin jurnalında Azərbaycanın sığorta-pensiya sistemindən bəhs edən məqalə dərc olunub

BMT-nin jurnalında Azərbaycanın sığorta-pensiya sistemindən bəhs edən məqalə dərc olunub
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) "Avropa və Mərkəzi Asiya ölkələrinin uğurlu layihə nümunələri" adlı xüsusi dərgisi işıq üzü görüb. SİA-nın xəbərinə görə, Nyu Yorkda nəşr edilən jurnalda Azərbaycan Respublikasında son illərdə əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə geniş yer ayrılıb. Belə ki, "Azərbaycan: 21-ci əsrin pensiya sistemi" başlıqlı məqalədə ölkəmizin sığorta-pensiya sistemində həyata keşirilən islahatlar ətraflı şərh edilib və qazanılan müvəffəqiyyətlər qeyd olunub. Nəşrdə Azərbaycanın son illər iqtisadi baxımdan daha da gücləndiyi əksini tapıb, hökumətin əhalinin aztəminatlı təbəqəsinin dövlətin etibarlı sosial müdafiəsi ilə təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirdiyi göstərilib. Bu islahatlar nəticəsində indi Azərbaycanda işçilər ən müasir pensiya sistemlərindən birinə malikdirlər.

Məqalədə Azərbaycanda qurulan müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya sisteminin pensiyaların əhəmiyyətli dərəcədə artımına gətirib çıxarmasından, ölkəmizin pensiyaların məbləğinə görə MDB ölkələri arasında öncül yerdə qərarlaşmasından bəhs olunub. Azərbaycanın sığorta-pensiya sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqi baxımından irəlilədiyi, şəffaf bir sistemin qurulduğu önə çəkilərək, Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi olduğu xatırladılıb. Bildirilib ki, bir neçə il əvvəl Azərbaycan bir sıra dövlətlərin pensiya islahatlarına nəzər yetirirdisə, artıq bu gün Azərbaycan özü sığorta-pensiya sahəsində əksər ölkələr üçün nümunə hesab olunur.

Məqalənin sonunda vurğulanır ki, bu gün Azərbaycan hökuməti ölkənin iqtisadiyyatını möhkəm inkişaf yoluna qoymaqla yanaşı, yoxsulluğun səviyyəsini azaltmaq istiqamətində önəmli işlər görüb, aztəminatlı əhalinin davamlı qayğı ilə əhatə olunmasını təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə