Misirin televiziya kanalları 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar təşkil olunan mərasimi geniş işıqlandırıb
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar səfirlik tərəfindən təşkil olunan mərasim Misirin televiziya kanalları tərəfindən geniş işıqlandırılıb. Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən SİA-ya verilən xəbərə görə, "Qahirə 3" və "Nil İnternational" televiziya kanallarında efirə gedən verilişlərdə 20 Yanvar faciəsi, onun başvermə səbəbləri və SSRİ rəhbərliyinin Azərbaycana qarşı bədnam siyasəti, günahsız insanların öldürülməsi haqqında məlumat verilib və bu faciə ilə əlaqədar səfirlikdə təşkil olunan mərasim və nümayiş olunub sənədli film hissə-hissə televiziya tamaşaçılarının nəzərinə çatdırılıb.
Bu faciənin Azərbaycan xalqının milli azadlıq mübarizəsində oynadığı vacib rolunu vurğulayan aparıcı "Qanlı Yanvar" faciəsində günahsız dinc nümayişçilərə qarşı ağır hərbi texnikadan və böyükçaplı odlu silahlardan istifadə edildiyini bildirib.
Veriliş çərçivəsində müsahibə verən ölkəmizin Misirdəki səfiri Şahin Abdullayev Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi haqqında məlumat verərək, 1990-cı ilin 20 yanvar gecəsi kommunist rejimini xilas etmək və Azərbaycan xalqının mübarizə əzmini boğmaq üçün sovet ordu birləşmələrinin Bakı şəhərinə müdaxilə etdiyini, mülki əhaliyə qarşı vəhşiliklər törədərək, dinc nümayişçiləri vəhşicəsinə qətlə yetirdiyini, ağır yaraladığını diqqətə çatdırıb.
Səfir Azərbaycanın çətin və kəşməkəşli müstəqillik yolu barəsində danışaraq, televiziya tamaşaçılarını Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı və ermənilər tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilən vəhşiliklər barədə televiziya tamaşaçılarına məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB