Bəybala İbadullayev: “Elektron imzanın tətbiqi gözdən əlillər üçün də çox böyük imkanlar açıb”

Bəybala İbadullayev: “Elektron imzanın tətbiqi gözdən əlillər üçün də çox böyük imkanlar açıb”

Elektron imza tətbiq olunmadan əvvəl gözdən əlillərin imza məsələsi bir az problemli idi. Bunu SİA-ya açıqlamasında Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayev deyib. O bildirib ki, bu vaxta kimi gözdən əlillər düzəldilmiş imza nümunəsindən istifadə edib və orada təkcə ad-soyad yazılıb. Onun sözlərinə görə, bu da həqiqi imza funksiyasını daşımır və notariuslarda, banklarda etibarlı sayılmır.

"Təbii ki, elektron imzanın tətbiqi gözdən əlillərin də şəxsi haqlarını, imza məsuliyyətlərini müəyyən etmələri üçün düzgün bir sistemdir. Elektron imzanın tətbiqi gözdən əlillər üçün çox böyük imkanlar açır. Çünki onlar həm dövlətin sosial layihələri, proqramları ilə faydalanmaqla kifayətlənmir, həm də bunların icrasında iştirak edirlər. Gözdən əlillər təhsil ala, müəyyən peşələrə yiyələnə bilirlərsə, dövlətin də sosial proqramlarının icrası zamanı da öz əməklərini tətbiq edərək iqtisadi uğurlar əldə edə bilərlər. Gözdən əlil insanlar da mini informasiya laboratoriyaları vasitəsilə elektron hökumətə inteqrasiya olunmasına təmin edilməsi çox zəruridir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə