Qusarda Uşaq Yaradıcılıq Mərkəzində 51 müəllim işdən çıxarılıb

Qusarda Uşaq Yaradıcılıq Mərkəzində 51 müəllim işdən çıxarılıb

Maliyyə Nazirliyinin maliyyə nəzarəti xidməti tərəfindən Qusar təhsil şöbəsinin nəzdində olan uşaq yaradıcılıq mərkəzində aparılan monitorinq mərkəzinin 51 işçisinin işini itirməsinə səbəb olub.

SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, monitorinq zamanı bir sıra qanun pozuntuları aşkar edilib. İşsiz qalan 12 nəfər dərnək rəhbəri işdən getmələrinin səbəbindən danışıblar.

Uzun illərdir Qusar Uşaq Yaradıcılıq Mərkəzində çalışan bu rayon sakinlərini qəfil işdən azad olmaları barədə xəbər sarsıdıb. İşini tərk etmək məcburiyyətində qalan 12 nəfər işçi bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilmədiyini deyib. Onların sözlərinə görə, bu dərs ilinin sentyabr-oktyabr aylarında Maliyyə Nazirliyinin mərkəzdə keçirdiyi monitorinqin nəticələri barədə onlara çox gec məlumat verilib. Noyabr ayının sonuna qədər müntəzəm olaraq işə gəlsələr də mərkəz rəhbərliyi tərəfindən onlara ayın 1-dən işdən azad olunduqları deyilib.


Məsələ ilə bağlı əvvəlcə Qusar Rayon Maliyyə Şöbəsinə baş çəkdik. Şöbənin müdiri Axşam Ərzimanov Uşaq Yaradıcılıq Mərkəzində Maliyyə Nazirliyinin monitorinq keçirdiyini təsdiqləyərək, bununla bağlı hər hansı söz deməyin onun səlahiyyətində olmadığını qeyd etdi. Qusar uşaq yaradıcılıq mərkəzinin direktoru Kamran Cavadov da kamera önünə çıxmaqdan çəkindi. Yalnız onu bildirdi ki, mərkəzdə aparılan monitorinqdən sonra ona verilmiş aktlar əsasında 12 nəfəri vəzifəsinin düzgün yerinə yetirmədiyinə görə işdən azad edib.

Qusar təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev də mərkəzdə baş verənlərdən xəbərdar idi. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin maliyyə nəzarəti xidmətinin uşaq yaradıcılıq mərkəzində apardığı monitorinq zamanı dərnəklərin təşkili üçün əyani vəsait, avadanlıq, maddi texniki baza ixtisaslı kadrların olmaması, uşaqların davamiyyətinin zəif olmaması səbəbindən 148 qrupun fəaliyyətsizliyi aşkarlanıb.

Bununla belə təhsil şöbəsinin rəsmisi hazırda şikayətçi olan 12 keçmiş əməkdaşın işə bərpa olunacağını, mərkəz direktorunun verdiyi əmrin artıq ləğv edildiyini dedi. Onun sözlərinə görə, həmin işçilərdən 3 nəfəri isə 65 yaşına görə işdən azad edilmiş müəllimlərin yerinə ixtisaslarına uyğun işlə təmin olunacaq.


Təhsil şöbəsinin müdiri həmçinin bildirdi ki, işində yol verdiyi nöqsanlara və əmrlərin tərtibindəki səhvlərə görə uşaq yaradıcılıq mərkəzinin direktoru Kamran Cavadova əmək məcəlləsinin 186-cı maddəsi ilə intizam tənbehinin tətbiq edilməsi ilə bağlı təhsil nazirliyinə müraciət edilib.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə