Cavid Quliyev: \"Ölkəmizin gənc yaşında belə nailiyyətlərə imza atması çox təqdirəlayiq hadisədir\"

Cavid Quliyev: \"Ölkəmizin gənc yaşında belə nailiyyətlərə imza atması çox təqdirəlayiq hadisədir\"

Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə Mədəniyyət və Turizm qanunvericiliyi haqqında toplu çap edilib. Toplunun müəllifi Mədəniyyət və Turizm Nazirliyinin Elmi Metodiki Mərkəzinin bölmə müdiri Cavid Quliyev ölkəmizdəki gənclər siyasətilə bağlı müsahibəmiz zamanı kitab haqqında da məlumat verib:

-2011-2015-ci illər Azərbaycan gəncliyi dövlət proqramına əsasən dövlət gənclər siyasəti necə aparılır və bu siyasətin müsbət tərəfləri nələrdir?

-Gənclər proqramı hazırlanan vaxtlarda ictimai müzakirələr təşkil edilmişdi. Azərbaycanın fəal gənclərinin demək olar ki, böyük qismi bu müzakirələrdə iştirak edib. Bu müzakirələrdə bir sıra təkliflər irəli sürülüb. Gənclər proqramının birinci bəndindəki hüquqi normativ bazanın təkmilləşdirilməsi təklifini biz irəli sürmüşdük və qürurla qeyd etmək istərdim ki, təklifimiz qəbul edildi. 2011-ci ilin ikinci yarısında təsdiqlənən proqramla bağlı bir sıra tədbirlərin icrasına bu ildən başlanılıb. Proqramda qeyd olunan bütün müddəalar Azərbaycan gəncliyinin inkişafına və tərəqqisinə yönəlib. Yəni proqram gənclərin, elm, iqtisadiyyat və digər sahələrdə fallığına xidmət edir.

-Cavid müəllim, ümumiyyətlə bu gün Azərbaycan gəncləri ilə xarici ölkələrin gəncləri arasındakı əməkdaşlıq münasibətlərini qənətbəxş hesab etmək olarmı?

- Əslində keçən il müstəqilliyinin 20 illiyini qeyd edən ölkəmiz gənc ölkə sayılır. Lakin bu gənc yaşında belə nailiyyətlərə imza atması çox təqdirəlayiq hadisədir. Gənclərimizin beynəlxalq münasibətlərinə gəldikdə isə, bu sahədə kifayət qədər tədbirlər həyata keçirilir. Bu tədbirlər isə Azərbaycan gəncinin beynəlxalq arenaya çıxarılmasına şərait yaradır. Xaricdə təhsil almış və məzun olmuş gənclərin forumunda biz xarici ölkələrdəki gənclərə Azərbaycanı təbliğ etməyin əsas yollarını öyrədirik.

-Müəllifi olduğunuz Mədəniyyət və Turizm qanunvericiliyi toplusu kitabının mahiyyəti nədir və bu kitabdan əsasən kimlər faydalanacaq?

-İlk olaraq qeyd edim ki, bu kitab Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə tərtib olunub. Azərbaycanda turizmin yeni bir sahə olduğunu nəzərə alsaq, qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac olduğunu görərik. Məhz buna görə də, mən belə bir toplu hazırlamaq qərarına gəldim. Toplu iki cilddən ibarətdir. Birinci cild 3, ikinci cild isə 2 bölmədən ibarətdir. Burada Azərbaycan Respublikasının Konstitusiyasının məcəllələşdirilmiş qanunları, ölkə prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının qanunları, Nazirlər Kabinetinin qərar və sərəncamları və müxtəlif dövlət qurumlarının mədəniyyət və turizmə aid olan normativ aktları öz əksini tapıb. Bu kitab mədəniyyət sahəsindəki qanunvericiliyin zamanın tələbinə uyğunlaşdırılması istiqamətində çox faydalı olacaq. Qanunvericilik toplusu mədəniyyət, turizm, elm sahəsinin inkişafına və qanunvericiliyin təkmilləşdirilməsinə təsir edəcək. Həm universitet tələbələri, həm doktorantlar, həm də sahibkarlar bu nəşrdən kifayət qədər yararlana bilərlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən maliyyələşdirilən bu kitab respublikamızın müstəqilliyinin 20 illiyinə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə