İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Milli Fəaliyyət Proqramının icra mexanizmləri müzakirə olundu

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Milli Fəaliyyət Proqramının icra mexanizmləri müzakirə olundu

Bu gün "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra mexanizmləri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, Ombudsman Aparatının təşkilatçılığı ilə baş tutan tədbirdə müvəkkil Elmira Süleymanova, millət vəkili Əli Hüseynli, dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq təşkilatların əməkdaşları iştirak edib.


Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova Milli Fəaliyyət proqramı və onun məqsədləri barədə ətraflı məlumat verib. O bildirib ki, 6 fəsil və 75 bənddən ibarət olan proqram qarşıdakı 10 il ərzində ölkədə insan hüquqlarının qorunması sahəsində mühüm əhəmiyyətə malik olacaq. Azərbaycanda bu vaxta kimi 3 belə fəaliyyət proqramının icra olunduğunu deyən ombudsman vurğulayıb ki, zaman dəyişikliyi yeni prioritet və ya problemləri üzə çıxarır: "Bu illərdə çox böyük irəliləyişlərlə yanaşı, nöqsanlar, problemlər də mövcud olub. Milli fəaliyyət proqramının da mahiyyəti bundan ibarətdir ki, ölkənin hər bir regionunda hüquq pozuntuları aradan qaldırılsın. Hər halda nə qədər çox nöqsanlarımızı özümüz görsək, aradan qaldırsaq, insan hüquqları bir o qədər etibarlı təmin olunar".


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrasında dövlət qurumlarının vəzifələri və əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, insan hüquqlarının qorunması ilk növbədə dövlətin ali məqsədlərindən biridir. Onun fikrincə, bu proqramı hazırlayarkən dünyada mövcud olan mütərəqqi addımlar nəzərə alınıb: "Hər bir proqramın icrasında əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir. Bu gün qanunun aliliyini qorumaq çətin məsələdir və insan hüquqlarının qorunması ilə bağlı normativ səbəblər artırılmalıdır. Bütün ölkə üçün səmərəli mexanizmin yaradılması çox vacibdir".


Tədbirin davamında çıxış edən qonaqlar Milli Fəaliyyət Proqramının məqsədi, vəzifələri və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə