SAM 5-ci Avropa Qaz Konfransında təmsil olunub

SAM 5-ci Avropa Qaz Konfransında təmsil olunub

Yanvarın 24-ü Avstriyanın paytaxtı Vyanada 5-ci Avropa Qaz Konfransı öz işinə başlayıb. SAM-dan SİA-ya verilən xəbərə görə, Avstriyanın İqtisadiyyat, Gənclər və Ailə Məsələləri üzrə Federal Nazirliyi və The Energy Exchange Ltd. şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 27 ölkədən 280-ə yaxın nümayəndə iştirak edir. Dünya qaz sənayesinin rəhbərləri, eləcə də enerji- neft və qaz sahələrində məsul dövlət orqanlarının nümayəndələrinin bir araya gəldiyi konfransın məqsədi əsas enerji şirkətləri ilə hökumət dairələri arasında Ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirməkdir. Yanvarın 27-dək davam edəcək konfransda "Cənub qaz dəhlizi"nin inkişafında Azərbaycanın rolu, enerji mənbələrinin şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyi, beynəlxalq maliyyə böhranının bazarlara göstərdiyi təsir və digər məsələlər müzakirə olunacaq.

Azərbaycanı konfransda təmsil edən Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Gülmira Rzayeva tədbirdə çıxış edərək bildirib ki, siyasi xarakter daşıyan və nəhəng maliyyə xərcləri bahasına başa gələn boruların artıq çoxdan vaxtı keçmişdir və bunlar əsasən Sovet dövrünə xas olan layihələrdir. Hazırkı dövrdə, xüsusən – 2008-ci ildə başlanan iqtisadi böhrandan sonra – iqtisadi maraqlar önə çəkilmiş və bu iqtisadi amilləri nəzərə alaraq Azərbaycan daha çox kiçik və azhəcmli boru layihələrində maraqlı olub.

"Siyasi şou xarakteri daşıyan digər borulara xərclənən insan və maddi resursların miqyası digər istehsalçı və istehlakçıları bu cür layihələrdən çəkindirir."- deyə G.Rzayeva söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə