İnterpol Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin 27-nin yerini müəyyən edib

İnterpol Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin 27-nin yerini müəyyən edib

Daxili İşlər Nazirliyin "102" xidmətinə daxil olan məlumatlar əsasında 2500-ə yaxın hüquqazidd əməlin qarşısı alınıb, 1609 cinayət işi başlanıb. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. Onun sözlərinə görə, "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları sayəsində 34 cinayət açılıb, 4493 yol-nəqliyyat qəzası, yol hərəkəti qaydaları əleyhinə olan 20 minə yaxın inzibati xəta, piyadaların vurulması ilə nəticələnən 118 hadisə müəyyən edilib, axtarışda olan 97 avtomobil aşkarlanıb saxlanılıb.

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayət törətmiş 13 min 792 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Eyni zamanda, yerli və dövlətlərarası axtarışda olan 2173, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 104 təqsirləndirilən şəxs həbs edilib.

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də məqsədyönlü və sistemli xarakter daşımaqla 492 ağır və xüsusilə ağır cinayət, o cümlədən 16 qəsdən adam öldürmə, 67 quldurluq və 57 soyğunçuluq törətmiş 560 nəfərdən ibarət 186 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib.

Əllərdə saxlanılan 1037 odlu silah və 32 mindən çox patron götürülüb, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 95 nəfər məsuliyyətə cəlb olunub. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 38 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 500 min manatdan çox olan 5235 ədəd saxta əskinas çıxarılıb.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə görülən işlərə də toxunan nazir qanunsuz dövriyyədən 557 kiloqram narkotik vasitə çıxarıldığını, 28,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alındığını, ümumi çəkisi 367 ton olan narkotik tərkibli bitkinin aşkarlanaraq yaşıl kütlə halında məhv edildiyini bildirib. R. Usubov insan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 69 cinayət faktının aşkarlanaraq 20 nəfərin məsuliyyətə cəlb edildiyini, 16 nəfərdən ibarət 7 cinayətkar qrupun zərərsizləşdirildiyini, bu əməllərin qurbanı olmuş 28 şəxsin müəyyən olunaraq cəmiyyətə reinteqrasiyasının təmin edildiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə