Su satan maşınlara nəzarət gücləndirilib - FOTO

Su satan maşınlara nəzarət gücləndirilib - FOTO

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən su maşınları ilə bağlı reydlərə başlanılıb. Qurumun direktor müavini Hüriyyət İsmayılovanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, məqsəd əhalinin təmiz içməli su ilə təmin edilməsidir. Artıq ilkin monitorinqlər zamanı sanitar norma və tələblərə cavab verməyən avtomobillərə su satışını həyata keçirmək qadağan olunub. Həyata keçirilən tədbirlərin nəticələri göstərib ki, Gəncə şəhərində vaxtilə ayrı-ayrı təyinatlar üzrə fəaliyyət göstərən avtomobillərin bəziləri bu gün əhaliyə içməli su satışını həyata keçirir. Belə faktlar əsasən ətraf rayonlardan gələn avtomobillərdə qeydə alınır. Məhz digər ərazilərdən gələn maşınlara nəzarət etmək bu gün ən ciddi problemdir.

Qeyd edək ki, Gəncədə sakinlərin əksəriyyəti içməli suyu maşınla alır. Bunun müqabilində isə 10 litrlik suya 20 qəpik ödənilir. Rəsmi statistikaya görə, Gəncədə 30 belə su maşını fəaliyyət göstərir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə