Avropa Şurasının Baş katibi Prezident İlham Əliyevə məktub göndərib

Avropa Şurasının Baş katibi Prezident İlham Əliyevə məktub göndərib

Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir: "Mənə məlum olub ki, Siz ilin sonundakı ənənəvi əfv sərəncamı ilə Mehman Məmmədovu, Cabbar Savalanı və Nizami Şahmuradovu, habelə digər şəxsləri əfv etmisiniz. Mən, Avropa Şurasının müəyyən müddət gözlədiyi bu addıma görə Sizi təbrik etmək istərdim. Biz, həmçinin keçən il dekabrın 27-də Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsini alqışlayırıq.

Bildiyiniz kimi, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığı, ümid edirəm, daha da genişləndirəcək və bu sahədə əlavə inkişafa yol verəcək yeni Fəaliyyət Planını müzakirə edirik. Buna görə də ümidvaram, yeni Fəaliyyət Planını Sizinlə birlikdə Bakıda işə salacağıq. Bu imkandan istifadə edərək həmçinin ümidimi bildirmək istərdim ki, yaxın gələcəkdə Azərbaycanla Avropa Şurası arasında imzalanacaq Anlaşma Memorandumu bizim Bakıdakı ofisimizin tam həcmdə fəaliyyət göstərməsinə imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə