İqtisadi Tədqiqatlar Mərkəzi Aqro-biznes Mərkəzi ilə birlikdə Azərbaycanın balıqçılıq təsərrüfatlarında vəziyyəti əks etdirən layihəni başa çatdırıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, təhlilin başlıca informasiya mənbələrini əsasən karp və qızılxallı balıq (forel) növlərini yetişdirən Salyan-Neftçala və Şəki-Zaqatala regionlarının fermerləri və ticarətçiləri arasında keçirilmiş sorğu materialları təşkil edib. Sonuncu fazada Daxili Resurs Xərci təhlili metodologiyası əsasında təhlil aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, maliyyə mənfəətliliyinə baxmayaraq, iqtisadi nöqteyi nəzərdən bu sektor, xüsusilə də karp təsərrüfatları rəqabətliliyin yüksək səviyyəsini özündə əks etdirmir. Belə ki, bu sektorun ixrac yönümü inkişaf etməyib. Lakin tədqiqatlar göstərir ki, sektorda idarəçilik və xarici bazara yönümlü inkişaf strategiyası ilə onun ixrac potensialını yüksəltmək mümkündür.
Tədqiqat nəticəsində dövlət siyasəti və texniki istiqamətlərdə çoxsaylı çətinliklər də aşkarlanıb. Bu da balıqçılıq təsərrüfatlarında nəinki istehsalın həcminə, həmçinin istehsal olunmuş məhsulun keyfiyyətinə də mənfi təsir göstərir. Balıqçılıq təsərrüfatlarındakı mövcud vəziyyət hökumətin bu sektorda saglam rəqabətin dəstəklənməsi istiqamətində səylərinin artırılmasını tələb edir. Hökumət balıq yeminin və onun komponentlərinin ölkəyə gətirilməsi istiqamətində mövcud baryerlərin aradan qaldırılması və bu prosesin sadələşdirilməsi yolu ilə balıqçılıq sektorunda daha yaxşı nəticələrin əldə olunmasına nail ola bilər. Forel istehsalı sahəsində nəticələr göstərib, bu sahədə daha yaxşı idarəçilik və balıq yeminin səmərəliliyinin yüksəldilməsinə investisiya qoyulması yolu ilə əhəmiyyətli dərəcədə mənfəət əldə edilə bilər. Ölkədə kiçik ölçülü balıq istehsalı imkanlarının öyrənilməsinə ehtiyac var. Balıq məhsullarının daşınması və onun soyuducularda saxlanılması ilə əlaqədar olan xərclərin aşağı salınması imkanları yüksəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB