\"Azərbaycanda Eurovizion-2012: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr\" mövzusunda dəyirmi masa keçirib- FOTOSESSİYA

\"Azərbaycanda Eurovizion-2012: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr\" mövzusunda dəyirmi masa keçirib- FOTOSESSİYA

Bu gün QHT Əməkdaşlıq Alyansı \"Azərbaycanda Eurovizion-2012: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr\" mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Alyansın əlaqələndiricisi Rufiz Qonaqov tədbirin keçirilməsi zərurəti, bununla bağlı müvafiq İşçi Qrupunun yaradılması və gördüyü işlər haqqında məlumat verib. Alyansın Şura üzvü, tədbirin keçirilməsi üzrə İşçi Qrupunun rəhbəri İradə Yaqubova mövzu ilə bağlı geniş və ətraflı məruzə edib.

Dəyirmi masada iştirak edən \"Bakı Eurovizion-2012\" İşçi Qrupunun piyar və kommunikasiya rəhbəri Tahir Məmmədov, müsabiqəsinin qalibləri Eldar və Nigar cütlüyü vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələrdən danışıblar. Çıxışlarda bildirilib ki, \"Eurovision 2012\" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ilə Vətəndaş Cəmiyyəti Sektorunun üzərinə də müəyyən vəzifələr düşür. Ötən ilki qələbənin qazanılmasında bütün dövlət strukturları, Heydər Əliyev Fondu, İctimai Televiziya ilə yanaşı Vətəndaş Cəmiyyəti Sektorunun da iştirakı olub. Bu il dünya miqyaslı yarışmaya Azərbaycanın ev sahibliyi etməsi vətəndaş cəmiyyətinin məsuliyyətini daha da artırır. Reallıq budur ki, bu yarışmada iştirak etmək və onu izləmək üçün 10 minlərlə insan ölkəmizə səfər edəcək. Müxtəlif nüfuzlu nəşrlər və televiziyaların təmsilçiləri Azərbaycanı, yarışmanı işıqlandırmaq üçün ölkəmizdə olacaqlar. Bu da o deməkdir ki, ölkəmiz və Bakı bu il \"Eurovision\" paytaxtı kimi dünyanın diqqət mərkəzində olacaq. Hökumət və onun yaratdığı Təşkilat Komitəsi bunu nəzərə alır və tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi fəaliyyət göstərir. Bununla yanaşı ictimai mühit və vətəndaş cəmiyyəti də eyni səviyyədə prosesə hazırlaşmalıdır.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən \"Eurovision\"la bağlı mövzunun qrant müsabiqəsinə salınması bu hazırlığın əsas elementlərindəndir. Maliyyələşdirilən layihələrlə müxtəlif tədbirlər reallaşacaq ki, bu da ictimai sektorun belə bir mötəbər yarışmaya önəm verməsini göstərir. Eyni zamanda müsabiqədənkənar da müəyyən işlər görülməlidir. Vətəndaş cəmiyyətinin isə bütün imkanlarını səfərbər edərək prosesin uğurla keçməsinə töhfə verməsi zəruridir. İlk növbədə ölkəmizin bütün müsbət cəhətlərinin təbliği əsas hədəflərdən olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə