Ölkədə daşınmaz əmlakını qeydiyyat etdirənlərin sayı kəskin artıb

Ölkədə daşınmaz əmlakını qeydiyyat etdirənlərin sayı kəskin artıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyatının sadələşdirilməsi, bu prosesdə süni maneələrin aradan qaldırılması ölkə ərazisində daşınmaz əmlakın qeydiyyatının kəskin artmasına səbəb olub. 2011-ci ilin ilk 11 ayında Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ötən ilin eyni dövrünə nisbətən 1,5 dəfə artıb.


Beləliklə, 2011-ci ilin noyabr ayında Azərbaycanda 11 454 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb ki, bu ötən ilin noyabrına nisbətən 70,0 % artıqdır. Noyabrda aparılan qeydiyyatın 3 637-si ilkin (31,8%), 7 817-i (68,2%) təkrar qeydiyyata aiddir. Ötən ilin noyabrına nisbətən ilkin qeydiyyat 87%, təkrar qeydiyyat isə 63% artıb.


Noyabr ayında 10 476 əmlaka texniki pasport, 9 201 müayinə aktı tərtib edilib, 115 yüklülük, 1 500 ipoteka qeydə alınıb. Ötən ay məhdudlaşdırmaya dair 6 912 arayış, əhaliyə xidmətlə bağlı isə 1 236 müxtəlif arayışlar verilib. Ötən ilin noyabrına nisbətən texniki pasportlar 80%, yüklülük 2,1 dəfə, müayinə aktları 83%, məhdudlaşdırmaya dair arayışlar 46% artıb. (Cədvəl 1.).


Noyabrda mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 2395-i fərdi yaşayış və bağ evi, 4031-i mənzil, 4319-u torpaq sahəsi, 291-i qeyri-yaşayış binası, 305-i qeyri-yaşayış sahəsi, 59-u əmlak kompleksi, 50-si çoxillik əkmə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Bu ilin əvvəlki aylarında olduğu kimi, noyabrda əmlakın qeydiyyatı ötən ilin eyni dövrünün göstəricilərini kəskin şəkildə üstələyir. Bəzi əmlak növləri üzrə qeydiyyatın artımı 2 dəfədən çox olub.


Ötən ilin noyabrına nisbətən qeyri-yaşayış sahələrinin qeydiyyatı 2,3 dəfə, qeyri-yaşayış binalarında 2 dəfə, torpaq sahələrində 91%, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 70%, mənzillərin özəlləşdirilməsi 50% artıb, çoxillik əkmələrin qeydiyyatı 7,4% azalыб (Cədvəl 2.).


Ümumilikdə, 2011-ci ilin ilk 11 ayında ölkədə 134 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu ötən ilin eyni dövrünə nisbətən 55,3% artıqdır. Qeydiyyatdan keçən əmlakın 48 288-i (36,1%) ilkin, 85 553-ü (63,9%) təkrar qeydiyyatdan keçib. DƏDRX-in məlumatlarına görə, ötən ilə nisbətən ilkin qeydiyyat 83,2%, təkrar qeydiyyat 43% artıb.


Hesabat dövründə komitənin daşınmaz əmlak üzərində qeydiyyatla bağlı göstərdiyi xidmətlərin demək olar ki, bütün növləri üzrə ötən ilə nisbətən ciddi artım qeydə alınıb. 2011-ci ilin yanvar-noyabr aylarında tərtib olunan texniki pasportların sayı ötən ilin eyni dövrünə nisbətən 62%, yüklülük 2,9 dəfə, məhdudlaşdırmaya dair arayışlar 50%, müayinə aktı 71% artıb, ipoteka qeydiyyatı 1,7%, əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar 3,5% azalıb. (Cədvəl 3.)

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 29 763-ü fərdi yaşayış və bağ evi, 48 356-ı mənzil, 47 404-ü torpaq sahəsi, 3 894-ü qeyri-yaşayış binası, 2 866-sı qeyri-yaşayış sahəsi, 797-si əmlak kompleksi, 727-si çoxillik əkmə, 34-ü isə çoxmərtəbəli yaşayış binaları olub.


Yanvar-noyabr aylarında əmlakın qeydiyyatında regionların payı 62,5% təşkil edib. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi regionlarda aparılır. Yanvar-noyabr aylarında regionlarda qeydiyyatdan keçən çoxmərtəbəli binaların sayı Bakıdakından artıq olub (34 binadan 15-i regionlarda qeydə alınıb). Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi Bakının payına düşür (Cədvəl 4.)

2011-ci ilin ilk 11 ayında verilən texniki pasportların 69%-i, ipoteka müqavilələrinin 53,9%-i, məhdudiyyət arayışlarının 70,4%-i, əhaliyə xidmətlə bağlı arayışların 65,4%-i, tərtib edilən müayinə aktlarının 75,6%-i regionların payına düşür.


Yanvar-noyabr aylarında Xidmətin 18 ərazi idarəsinin hamısında daşınmaz əmlakın qeydiyyatının artımı müşahidə edilib. Regionlarda əmlakın qeydiyyatı daha çox artıb. Belə ki, ötən ilin eyni dövrünə nisbətən Bakıda əmlakın qeydiyyatı 36,8% artdığı halda, regionlarda artım 68,9% təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən yanvar-noyabr aylarında ən çox artım Beyləqan (2,3 dəfə), Şamaxı (2,2 dəfə), Qəbələdə (2,2 dəfə) və Tovuzda (2 dəfə) qeydə alınıb (Cədvəl 5.).

2011-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə 15 940 mənzil özəlləşdirilib. Ötən ilin müvafiq dövrünə nisbətən özəlləşdirilmiş mənzillərin sayı 71,9% artıb. Ümumilikdə özəlləşdirmə başlayandan 2011-ci il dekabrın 1-dək ölkə üzrə 466 806 mənzil özəlləşdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə