Avropa Birliyi ölkələri İran neftinin idxalına embarqo qoyulmasına dair razılığa gəlib. Avropa Birliyinin mübahisəli nüvə proqramına görə İrandan neft idxalına edilən embarqonun tətbiqi bu gündən etibarən qüvvəyə minir. Qadağa bütün yeni neft və neft məhsulları müqavilələrinə şamil olunacaq. Qeyd edək ki, İran neftinə tam qadağa iyulun 1-dən tətbiq ediləcək. Belə ki, İrana qarşı yeni sanksiyalar paketi İran neftinə və neft məhsullarına tədricən qadağa qoyacaq, iyulun 1-dən etibarən isə İrandan neft alan bütün Avropa Birliyi ölkələri bu neftin idxalını bütünlüklə dayandıracaq.
Dünyanın ən böyük 5-ci neft ixracatçısı olan İran gündə 2,6 milyon barrel neft satır. Bunun 29 faizi Avropaya gedir. Avropa Birliyinin embarqosu İranın gündə 87 milyon dollar, ildə isə 30 milyard dollar itirməsi deməkdir. İran neftinin böyük hissəsi, yəni 68 faizi Yunanıstan, İtaliya və İspaniyanın payına düşür.
Tətbiq olunan qadağadan sonra İran iyulun 1-nə kimi üzünü Asiya ölkələrinə tuta biləcəyi ehtimal olunur. Avropa Birliyi və ABŞ isə Asiya ölkələrini də İrandan neft məhsulları idxalına qadağa qoymağa çağırır.
Tətbiq edilən qadağa həm dünya ölkələrində, həm də İranda birmənalı qarşılanmayıb. Ancaq Qərb İranı mübahisəli nüvə proqramında güzəştə getməyə məcbur etmək istəyir. Avropa Birliyi İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında da qərar qəbul edib. Bununla İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək düşünülür.
İranı iqtisadiyyatı tam zəiflədildikdən sonra ABŞ bu ölkəyə daxil olacaq
İran tərəfi isə İran neftinin satışına maneçilik yaradılarsa, Hörmüz boğazını bağlamaqda israrlıdır. İran bununla 24 saat ərzində dünya iqtisadiyyatını tənəzzülə uğratmaq imkanına malik olduğunu bildirib. Qeyd edək ki, boğaz vasitəsi ilə təkcə İran yox, digər ərəb ölkələri də neft ixrac edir. Dünyada ixrac olunan neftin 40 faizə qədəri məhz Hörmüz boğazından keçməklə daşınır.
İranın keçmiş kəşfiyyat naziri Ali Fallahian deyib ki, İran iyulun 1-nə kimi gözləməlidir, Avropaya neft ixracını dərhal dayandırmalıdır. İranlı deputat Məhəmməd İsmayıl Kövsəri isə bildirib ki, Hörmüz boğazı bağlandıqdan sonra, ABŞ və müttəfiqlərinin onu yenidən açması mümkün olmayacaq. Kövsəri eyni zamanda, boğazın açılması üçün Amerikanı hərbi avanturizmə getməməsi ilə bağlı da xəbərdar edib.
ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisi Martin Dempsin isə bildirib ki, İran Hörmüz boğazını bağlamağa cəhd etsə, darmadağın ediləcək: "Tehranın bütün nüvə proqramlarını bir neçə saata dağıtmaq imkanındayıq. Ola bilsin, İran rəhbərliyi bunu lazımınca anlaya bilməyib. Tehranın istənilən nöqtəsini asanlıqla məhv edə bilərik. Orada belə bir fikir yaranıb ki, ABŞ iqtisadi böhrandan əziyyət çəkir, bu üzdən də silahlı qüvvələr zəifləyib. Halbuki, bunlar həqiqəti əks etdirmir. ABŞ ordusu hər zaman olduğu kimi öz qüdrətini saxlayır".
Ekspertlər hesab edir ki, İran neftinin alınmasına məhdudiyyətlərin tətbiqi İran iqtisadiyyatını tam olaraq iflic vəziyyətinə gətirib çıxara bilər. ABŞ tərəfindən atılan bu taktiki addımda məqsəd isə İranı tam olaraq zəiflətmək, daha sonra isə bu ölkəyə daxil olmaqdır.
Azərbaycan sülhün tərəfdarıdır
İrana qarşı tətbiq edilən sanksiyalar Azərbaycana hansı təsir göstərə bilər?
Ekspertlər hesab edir ki, bu qadağalar ilk növbədə Azərbaycanın enerji sektorunda risklər yarada bilər. Belə ki, hazırda ABŞ-da İranın neft-qaz şirkəti ilə əməkdaşlığı qadağan edən qanun layihəsi müzakirə edilir. İranın Naftiran şirkəti isə Azərbaycanın Şahdəniz II yatağında 10 faiz paya sahibdir. Digər bir tərəfdən isə İran əhalisinin təqribən yarısının etnik azərbaycanlı olmasını nəzərə alaraq Qərb koalisiyasının İrana hərbi müdaxiləsi zamanı həmvətənlərinin zərər çəkməsi mümkündür. Təbii ki, Azərbaycan tərəfi bunu istəmir. Digər bir tərəfdən İran Azərbaycanla həmsərhəd bir ölkə olduğundan İranda müharibə ölkəmizdə də problemlər yarada bilər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, Azərbaycan İrandan nə neft, nə də neft məhsulları alır: "3 il əvvələ kimi Azərbaycan İrana neft məhsulları ixrac edirdi. Sonradan bu alış-veriş də dayandı.
Amma Azərbaycan blokadada yaşayan Naxçıvan Muxtar Respublikasının qazla təminatında İranın köməyindən istifadə edir. İran vasitəsilə Naxçıvana müqavilə əsasında qaz ötürürük. Bu da ildə təqribən 300 min kubmetr deməkdir. İranda müharibənin başlaması Naxçıvanda qaz probleminin yaranmasına səbəb ola bilər".
Rəsmi Bakı sözügedən məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB