Ölkədə 12 221 nəfər əcnəbi yaşayır

Ölkədə 12 221 nəfər əcnəbi yaşayır

2011-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 20,9 faiz artıb. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 2110 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2012-ci il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 12 221 nəfərə çatıb.

Fondun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər, ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edir. Onlar arasında Türkiyə vətəndaşları (5911 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1327 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 555 nəfər təşkil edir.

Sonrakı yerlərdə İran İslam Respublikası (334), Hindistan (250), Çin Xalq Respublikası (145), Bosniya və Hersoqovina (127), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (119), Filippin (88), Pakistan İslam Respublikası (84), Ukrayna (84), Malayziya (80), Almaniya (77), Özbəkistan (69), Qazaxıstan (62), ABŞ (55), İtaliya (54), Türkmənistan (53) və s. ölkələr gəlir.


Bütün xəbərlər Facebook səhifəmizdə