Millət vəkili: \"Prezidentlərin onuncu görüşünün təşkil edilməsi Rusiyanın bu məsələdə marağının artdığını göstərir\" - AÇIQLAMA
Azərbaycanın prinsipal mövqeyi bu gün Soçidə Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə keçirilən prezidentlərin üçtərəfli görüşündə bir daha ortaya qoyulacaq. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan problemin həllinin hansı tərəfdən gəlməsinə əhəmiyyət vermir və bunun qısa bir zaman kəsiyində həllinə çalışır. Millət vəkiliin sözlərinə görə, problemin nə vaxt həll olunacağı bir sıra faktorlardan asılıdır və bunların hər halda Azərbaycanın xeyrinə işlədiyi tamamilə aydındır.
"Dağlıq Qrabağ münaqişəsinin yaranmasının və bugünki mövcudluğunun bir sıra şərtləri vardır. Bu şərtlər içərisində Rusiyanın Ermənistanla yaxınlığı da müəyyən qədər rol oynayır. Qəbələ RLS-in gələcək taleyi isə Rusiya-Azərbaycan münasibətlərindən asılıdır. Azərbaycan məhz ikitərəfli münasibətlərdən qaynaqlanaraq bu problemi həll etməyə çalışır. Bu il Qəbələ RLS-in icarə haqqını artırmaq tələbi təmamilə düzgündür və Rusiya tərəfindən də bu prinsipal mövqe kimi görünmür. Dağlıq Qarabağ məsələsinin həllində isə Qəbələ RLS-i ciddi bir kart kimi ortaya qoymaq düzgün olmazdı. Vacib məsələ Rusiya ilə münasibətlərdə ikitərəfli, dövlətlərarası münasibətləri qoruyub saxlamaq, Azərbaycanın mövqeyini daima müdafiə etmək, eyni zamanda, Rusiyanın problemə təsir imkanlarından da istifadə etməkdir", - deyə o əlavə edib.
A.Mirzəzadə vurğulayıb ki, Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə ötən dörd il ərzində artıq onuncu olan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi Rusiyanın bu məsələdə marağının artdığını göstərir. Onun fikrincə, problemin mövcudluğu bu gün faktiki olaraq Rusiyanın xeyrinə deyil: "Medvedevin ay yarımdan sonra səlahiyyət müddəti bitir, ancaq onun yeni bir görüş təşkil etməsinin özü göstərir ki, bu artıq onun şəxsi mövqeyindən daha çox Rusiya dövlətinin mövqeyidir. Belə ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsi diqqətdə saxlanılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB