Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda 1441 ekoloji monitorinq aparılıb

Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda 1441 ekoloji monitorinq aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2011-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında, çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1441 ekoloji monitorinq keçirib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, monitorinq zamanı 4182 su, 222 qrunt, 4 qazma məhlulu, 2 şlam nümunəsi götürülüb, onlar üzərində 21742 analitik, 9533 bioloji və ekotoksikoloji, 7110 mikrobioloji olmaqla, ümumilikdə 38385 tədqiqat aparılıb. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti araşdırılıb, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunub.


2011-ci il ərzində idarənin iş planına uyğun aparılan tədqiqatlar zamanı bir sıra tədbirlər həyata keçirilib. Belə ki, hidrotexniki qurğuların, istismara yararsız estakadaların sökülərək sahilə daşınması, Bakı buxtasından batmış və yarımbatmış gəmilərin çıxarılması, buxta ərazisində atılmış köhnə neft quyularının birdəfəlik ləğv edilməsi işləri görülüb. Həmçinin, Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə rekultivasiya işlərinin aparılması və yaşıllıqların salınması, Hövsan kanalının müəyyən hissəsinin qapalı sistemə keçirilməsi, yeni çirkab sutəmizləyici qurğuların istismara verilməsi və s. işlər həyata keçirilsə də, istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan Xəzər dənizinin şimal və cənub sahil zolaqlarında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsi ötən ildə də müşahidə edilib.


2011-ci ildə Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan təlabatının ödənilməsi məqsədilə Respublikanın rayonlarında quraşdırılmış sutəmizləyici qurğulardan 209 su nümunəsi götürülərək, onlar üzərində 1700 mikrobioloji təhlil aparılıb.


Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2011-ci il ərzində Xəzər dənizinin sahil zolağı, eləcə də dəniz akvatoriyasında qeydə alınmış bütün ekoloji problemlərlə bağlı mütəmadi olaraq bülletenlər hazırlanaraq müvafiq icra strukturlarına göndərilib.


Mövsümlə əlaqədar Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində razılaşdırılmış cədvəl əsasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilib, müxtəlif çimərlik ərazilərindən su nümunələri götürülərək, onların üzərində laborator müayinələr aparılıb. Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılmış ərazilərdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində olduğu müəyyən edilib. Çimərlik ərazilərində keçirilmiş birgə monitorinqlərin nəticələrinə görə Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərlik ərazilər istifadəyə yararlı olub.


Hər il olduğu kimi cari ildə də Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri "Beynəlxalq Dəniz Günü" ilə əlaqədar Bakı şəhəri Binəqədi rayonunun 157 və 276 saylı, Nərimanov rayonunun 291 saylı, Nəsimi rayonunun 28 saylı orta məktəblərində "Mavi Xəzərim" mövzusunda keçirilən lektoriyalarda, Bakı Dövlət Universitetində isə "Xəzər dənizinin ekoloji problemləri və onun həlli istiqamətində görülən işlər" mövzusunda dəyirmi masada iştirak etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə