Azərbaycanın Rusiyadakı səfirliyində anım tədbiri keçirilib

Azərbaycanın Rusiyadakı səfirliyində anım tədbiri keçirilib
Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə Rusiyada akkreditə olunmuş bir sıra ölkələrin səfirləri, rəsmi şəxslər, Azərbaycan və Rusiya ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları səfirliyin binasında açılmış və üstündə 20 Yanvar qurbanlarının adları yazılan xatirə lövhəsinin önünə əklil və gül dəstələri qoyublar. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, o dəhşətli gecə xalqımızın yaddaşından heç bir zaman silinməyəcək. Səfir ölkə rəhbərliyinin hər il dövlət səviyyəsində qeyd olunan bu matəm gününə böyük əhəmiyyət verdiyini söyləyib: "22 il əvvəl Bakıda baş verən hadisələr insanların şüurunda çevriliş etdi. Çünki hələ 1980-ci illərin sonlarında heç kim SSRİ kimi böyük nüvə imperiyasının dağılacağını ağlına gətirmirdi və bu, tarixin dönüş nöqtəsi oldu. Heydər Əliyev Bakıda baş verən hadisələrin səhəri günü, 1990-cı il yanvarın 21-də güclü repressiya maşınına malik sovet rejimi hakimiyyətdə olmasına baxmayaraq, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, siyasi bəyanatla çıxış etdi, yanvarın 20-də Bakıda baş verən hadisələri sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı cinayəti kimi qiymətləndirərək pislədi".

Moskvada 20 Yanvar hadisələrinə qarşı etiraz yürüşünün təşkilatçılarından və iştirakçılarından biri, professor Tofiq Məlikli Rusiya Prokurorluğundakı 96 cildlik cinayət işinin 20 yanvar hadisələrinin obyektiv surətdə araşdırılması və bu qanlı aksiyanın təqsirkarlarının cəzalandırılması üçün hələ də Azərbaycana verilməməsindən təəccübləndiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə