Londonda 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib
20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Londonda fəaliyyət göstərən Azərbaycan Evi mədəniyyət və dostluq mərkəzində Mərkəzin və Səfirliyin birgə təşkilatçılığı ilə anma mərasimi keçirilib. Azərbaycanın Londondakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Britaniya ictimaiyyətinin nümayəndələri, Azərbaycan icmasının üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Londonda fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirin əvvəllində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Mərasimi giriş sözü ilə açan "Azərbaycan Evi" mədəniyyət mərkəzinin idarə heyətinin sədri Əli Təkin Atalar faciə və onun tarixi əhəmiyyəti ilə bağlı mülahizələrini bölüşüb. O, bu faciənin Azərbaycanın öz müstəqilliyini bərpası prosesinin başlanğıcını qoyduğunu, Sovet imperiyasının süqutunu tezləşdirən hadisələrdən biri kimi səciyyələndirib.
Mərasimdə çıxış edən səfir Fəxrəddin Qurbanov həmin günün xalqımız üçün həm faciəvi, eyni zamanda şərəfli gün olduğunu qeyd edib. O, qanlı hadisənin Azərbaycan xalqının öz müstəqilliyi uğrunda mübarizəsini qıra bilmədiyini, bir il sonra 1991-ci ildə öz istiqlalını yenidən əldə edən ölkəmizin bu gün beynəlxalq aləmdə layiqli yerini tutduğunu qeyd edib. O, xalqımıza qarşı törədilən faciənin heç zaman yaddan çıxmayacağını, hər il faciə qurbanlarının ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz tərəfindən dərin ehtiramla yad edildiyini qeyd edib. 1996-cı ildə ölkə başçısının xüsusi sərəncamı ilə faciə qurbanlarına 20 Yanvar şəhidi adının verildiyini, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırıb. Səfir həmçinin bundan sonra da faciə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılacağına əminliyini vurğulayıb.
Çıxışlardan sonra 20 yanvar günü dinc əhaliyə qarşı törədilmiş zorakılıq və vəhşiliyi nümayiş etdirən video material nümayiş etdirilib, fotoşəkillər göstərilib. Filmdə zirehli texnikanın köməyilə dinc əhaliyə qarşı törədilmiş qətliam səhnələri əks olunub. Sonda tədbir iştirakçıları 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti haqda fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB