İsmayıl Ağayev: “Biz İranla münasibətlərimizə yenidən baxmalıyıq” - MÜNASİBƏT
İranın Azərbaycanın işinə qarışması, çaşqınlıq yaratması, hakimiyyətlə xalq arasında narazılıq yaratmağa yönəlik cəhdləri, planları hələ çoxdur. Bunu SİA-ya açıqlamasında Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev deyib.
Onun sözlərinə görə, İran bu faktları nəinki gizlətmir, əksinə daha açıq şəkildə bəyan edir: "Bir növ onlar bizim daxilimizdə özlərinin düşündüyü bir formada lobbiçilik fəaliyyəti aparırlar. Son vaxtlar isə Azərbaycandakı bir sıra nüfuzlu dövlət qurumlarına, eləcə də xəbər saytlarına təşkil olunan kiberhücumların əsasən İrandan təşkil olunması Azərbaycana qarşı aparılan siyasətin tərkib hissəsidir. Bir çox sahələrdə Azərbaycana təzyiq etməklə, özlərinin güclərini nümayiş etdirməklə, eyni zamanda bizi zəiflətmək istəyirlər. Bütün bunlara qarşı isə biz lazımı tədbirlər görməliyik. İranın, yumşaq şəkildə desək bu şıltaq hərəkətlərinə kifayət qədər dözmüşük, səbir nümayiş etdirmişik. Biz onların qonşu və islam ölkəsi olduğunu daim diqqətə alsaq da, təəssüf ki, qarşı tərəf tam əks mövqe sərgiləyib.
Beynəlxalq Diaspor Mərkəzi olaraq İranın Azərbaycanda törətdiyi hadisələri, ölkəmizə qarşı səsləndirilən əsassız fikirləri, təhdidləri hər zaman qınamışıq deyən BDM sədri bütün bunlara cavab olaraq Bakıda, eyni zamanda bir sıra xarici ölkələrdə etiraz aksiyaları keçirdiklərini söyləyib: "Yaxşı haldır ki, bizim hüquq-mühafizə, milli təhlükəsizlik orqanlarımız bu işdə ayıq-sayıq davranırlar. İrandakı güclər, mollalar, ayətullahlar vasitəsilə deyil, rəsmi səviyyələrdə belə ölkəmizə qarşı həyata keçirilən terror hadisələrini nəinki inkar etmirlər, hətta aşkar surətdə bəyan edirlər. Çox təəssüf ki, bu kimi təxribatların ardı gəlməkdə davam edir və edəcəyi ehtimalı böyükdür. Ümumiyyətlə, biz bu qonşu ölkə ilə münasibətlərimizə yenidən baxmalıyıq. Vətəndaşlarımız bu məsələlərdə ayıq-sayıq olmalıdır. Hər biz Azərbaycan vətəndaşı dövlətçiliyimizin qorunması, gücləndirilməsi istiqamətində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir".
İsmayıl Ağayev Azərbaycanın istənilən təhdidlərə cavab verəcək bir dövlət olduğunu diqqətə çatdırıb: "Azərbaycan 20 il bundan əvvəlki dövlət deyil. Ölkəmiz artıq dünyada öz sözünü deməyi bacaran bir dövlətdir. Öz hərbi, iqtisadi gücü ilə regionda söz sahibinə çevrilib. Ölkəmizə qarşı yönələn istənilən təxribatçı hərəkətlərə biz adekvat cavab verməliyik. Xüsusilə bu işdə QHT-lər, vətəndaş cəmiyyətləri aktivliyi ələ almalıdırlar, ardıcıl mübarizə aparılmalıdır, vətəndaş mövqeyi ortaya qoyulmalıdır. Biz nə qədər Cənubda yaşayan 40 milyonluq soydaşımızın haqqının tapdanmasına göz yumacağıqsa, torpaqlarımızın 20 faizini işğal edən Ermənistana daim kömək göstərən, onun əsas himayəçisinə çevrilən İranaın təhdidlərinə qarşı yumşaq mövqe nümayiş etdirəcəyiksə üzərimizdəki təzyiqlər daha da artacaq. Daxilimizdə terror hadisələrinin, qətlərin sayı artacaq. Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır. Sözsüz ki, bu mübarizə sivil formada və daha sərt şəkildə aparılmalıdır.
İsmayıl Ağayev təəssüf hissi ilə bildirib ki, terror hadisələrinin törədilməsində daha çox İranda təhsil almış azərbaycanlı gənclərdən, eləcə də islami inancları olan insanlardan istifadə edirlər: "Bu gün televiziyalarda bu məsələlərlə bağlı maarifləndirici verilişlərə geniş yer ayırmaq əvəzinə, evlilik məsələlərinə, onların müzakirəsinə həsr olunmuş proqramlara geniş yer veririk. Biz ideoloji sahədə İranla münasibətlərimizə yenidən baxmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB