Azərbaycanın Moldovadakı səfiri 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar görüşlər keçirib-FOTOSESSİYA
20 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirliyin foyesində qoyulmuş büstü önünə əklilqoyma mərasimi keçirilib.
Səfirlikdən SİA-ya verilən məlumata görə, daha sonra ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri, professor Namiq Əliyev Moldova Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasına baş çəkib.
Söhbət zamanı akademiyanın rektoru Vasile Marina səfiri akademiyada təhsilin tarixi, struktur və bu günkü fəaliyyət barədə məlumatlandırıb.
Görüşdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası ilə Moldova Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası arasında gələcəkdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Danışıqlar zamanı tərəflər müəllim, dinləyici və tədqiqatçı mübadiləsi proqramının həyata keçirilməsi imkanları barədə də müzakirələr aparıblar.
Akademiya rəhbərliyi ilə keçirilmiş görüşdən sonra səfir dinləyicilər və akademiyanın müəllimləri qarşısında çıxış edib və ətraflı olaraq Dağlıq Qarabağ münaqişəsi və 20 yanvar 1990-cı il tarixində baş vermiş qanlı hadisələr barədə danışıb.
Səfir xüsusilə qeyd edib ki, Sovet ordusunun böyük bir kontingenti-daxili qoşunların və xüsusi təyinatlı dəstələrin Bakıya zorla daxil olması xüsusi amansızlıq və görünməz vəhşiliklə müşayiət olunub. Dinc əhaliyə divan tutulub, yüzlərlə insan öldürülüb, yaralanıb və itkin düşüb.
O bildirib ki, 1990-cı ildə Bakıda və respublikamızın rayonlarında baş vermiş qanlı faciə bir daha göstərdi ki, SSRİ silahlı qüvvələri M.Qarbaçovun əmri ilə xarici təhdidən qorunmaq üçün deyil, öz xalqına qarşı istifadə olunur.
O xüsusilə qeyd edib ki, qoşunun zorla daxil olması və Bakıda fövqəladə vəziyyətin elan edilməsi ilə SSRi Konstitusiyası (119-cu maddə), Azərbaycan SSR-in Konstitusiyası (71-ci maddə), 1996-cı ildə qəbul olunmuş "Vətəndaş və Siyasi Haqqlar barədə" Beynəlxalq Pakt (1-ci maddə) kobud şəkildə pozulub və Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb.
Çıxışının ikinci hissəsini səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edib. O, ermənilərin özlərinin dediyi kimi, "Böyük Ermənistan" yaratmaq planları, onların etnik təmizləmə siyasəti, polietnik Cənubi Qafqaz regionunda erməni monoetnik zonası yaratmaq istəyi haqqında ətraflı danışıb. Namiq Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın bu gün qarşısında duran ən vacib məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Vurğulanıb ki, bu istiqamətdə böyük diplomatk və siyasi səylər ortaya qoyulub. Səfir qeyd edib ki, Azərbaycan Respublikası rəhbərliyi gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin ilk növbədə sülh yolu ilə həll olunmasına istiqamətində özünün siyasi və diplomatik cəhdlərini artıracaq.
Görüşün sonunda səfir akademiyanın kitabxanasına Azərbaycan haqqında kitablar və xəritələr hədiyyə edib.
Xatırladaq ki, 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Moldovanın "NIT" telekanalında "Yanvar faciəsi" adlı sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB