Alman Jurnalistlər Birliyi Berlin komitəsinin sədr müavini azərbaycanlıdır - FOTO

Alman Jurnalistlər Birliyi Berlin komitəsinin sədr müavini azərbaycanlıdır - FOTO

Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi Alman Jurnalistlər Birliyinin Berlin "Bərabər imkanlar ixtisaslaşmış komitə"sinə sədr müavini seçilib. SİA-nın Almaniya bürosunun verdiyi məlumata görə, Birliyin Rəyasət Heyəti tərəfindən namizədliyi verilən Nuridə xanım səslərin böyük əksəriyyətini qazanaraq rəqiblərini üstələyib.

N.Atəşi 1996-cı ildən Alman Jurnalistlər birliyinin üzvü olmaqla, Almaniya P.E.N. mərkəzinin üzvü və eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin Almaniya və Avropa üçün xüsusi nümayəndəsidir. Müzakirələr zamanı Nuridə Atəşi bir namizəd kimi 16 illik Almaniyadakı mətbuat və mədəniyyət fəaliyyəti haqqında Rəyasət Heyəti üzvlərinə və alman jurnalistlərinə ətraflı hesabat verdikdən sonra 4 dildə (azərbaycan, alman, ingilis və rus) yenicə çap olunmuş "Qafqaz amazonları-Miflər arxasındakı gerçək tarix" kitabını və layihəsini təqdim edib.

Qeyd edək ki, Birliyin "Bərabər imkanlar ixtisaslaşmış komitə"si yalnız qadın və kişi arasındakı bərabərlik ideyasına deyil, dilindən, dinindən, irqindən, tutduğu vəzifəsindən asılı olmayaraq bütün insanlar arasında bərabərliyin qorunub saxlanılmasına xidmət edir. Komitənin əsas vəzifəsi beynəlxalq konqreslərin, forumların, ixtisaslaşdırma, təhsilartırma seminarlarının keçirilməsi və beynəlxalq media dəyərlərinin qorunub saxlanılmasına, təcrübə mübadilələrinin qlobal media dünyasında genişlənməsinə, şəbəkələnməsinə xidmət göstərməkdir. Komitəyə sədr seçilən tanınmış alman fotojurnalisti Simone Ahrend və digər toplantı iştirakçıları Nuridə Atəşinin müxtəlif ölkələrdə yaşayaraq fəaliyyət göstərməsi və tədqiqat aparması ilə əlaqədar bu ölkələrin dilini, dinini , mədəniyyətini, tarixini və mətbuat problemlərini bilmə təcrübəsini önə çəkiblər. Onun sağlam mövqeyinin olması qeyd olunub və bunun Alman Jurnalistlər Birliyi və komitə üçün faydalı olacağı vurğulanıb.

Çıxışı zamanı Nuridə Atəşi ona göstərilən bu etimad üçün təşəkkür eləyərək bunu özü üçün alman və beynəlxalq mətbuat qarşısında böyük bir məsuliyyət kimi qəbul etdiyini bildirib. Soydaşımız indiyə qədər toplamış olduğu biliyini, təcrübəsini yeni seçildiyi komitə üçün bütün qüvvəsi ilə sərf edəcəyinə söz verib.



Şahin Abasov, SİA-nın Almaniyada xüsusi müxbiri


Bütün xəbərlər Facebook səhifəmizdə