Təbrizdə 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO

Təbrizdə 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda, Azərbaycan xalqının qanlı faciəsi - 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi keçirilib. Konsulluqdan SİA-ya verilən xəbərə görə, mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 20 Yanvarın Azərbaycan xalqına qarşı törədilən qətliamlardan biri olduğuna dair fikirlər səsləndirilib.

Azərbaycanın Təbrizdəki baş konsulu mərasimdə çıxış edərək, 1987-88-ci illərdən Dağlıq Qarabağ hadisələri ilə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən başladılan növbəti təcavüz aktlarının, Sovet İmperiyasının havadarlığı ilə 1990-cı ildə 20 Yanvar hadisəsinin baş verməsinə də gətirib çıxardığını və həmin hadisədə də xalqımızın günahsız övladlarının vəhşicəsinə erməniləşmiş sovet ordusu tərəfindən qətlə yetirildiyini bildirmişdir. Sovet imperiyası və təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı aparılan bu məqsədyönlü siyasətin, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda inadkar dəyanətini sındırmaq məqsədilə həmin dövrdə həyata keçirildiyini, lakin bu siyasətin heç bir nəticə vermədiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi, beynəlxalq müstəvidə layiq olduğu hüquqi qiyməti hələ də almamış, bunun səbəbkarı olan Azərbaycanın o vaxtkı rəhbərliyi 20 Yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmamış, əksinə, bu hərbi cinayəti həmin dövrdə ört-basdır etməyə çalışıb. Baş konsul vurğulayıb ki, o vaxt Azərbaycan xalqı adından yeganə etiraz bəyanatını Moskvada yaşayan ümummilli lider Heydər Əliyev verib. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarca kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısında verilən bu bəyanat o zaman böyük əks-səda doğurmuş və onun sayəsində xalqımızın etiraz səsi həmin dövrdə ilk dəfə olmaqla dünya ictimaiyyətinə çatdırılıb.

Türkiyə Respublikasının Təbrizdəki baş konsulu da mərasimdə çıxış edərək, hadisə ilə bağlı öz fikirlərini bildirmiş, Azərbaycan xalqının kədərinə qoşulduqlarını və şəhidlərə rəhmət dilədiklərini diqqətə çatdırıb.

Çıxışdan sonra erməni təcavüzü və 20 yanvar faciəsinin dəhşətlərindən bəhs edən film nümayiş etdirilmiş və şəhidlərin xatirəsinə ehsan verilib. 20 Yanvar faciəsinə dair DVD filmlər, faciəyəyə dair fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları, Baş Konsulluq tərəfindən qanlı 20 Yanvar faciəsinə aid şəkillərdən təşkil olunmuş foto-stendə baxmış, həmçinin sərgilənən kitab və qəzetlərlə tanış olublar.

Mərasimdə, Türkiyənin Təbrizdəki baş konsulu və əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə