Daşkəsəndə 20 Yanvar şəhidlərinin xatirəsini anılıb - FOTO

Daşkəsəndə 20 Yanvar şəhidlərinin xatirəsini anılıb - FOTO

Artıq 22-ci ildir ki, bütün Azərbaycanda olduğu kimi, daşkəsənlilər də dərin kədər və hüznlə 20 Yanvar şəhidlərinin – azadlıq aşiqlərinin ruhuna hörmət, ehtiram əlaməti olaraq şəhidlər xiyabanına növbəti ziyarətə yollanırlar. 3200 nəfərdən çox iştirakçı olan bu qəm karvanının tərkibində demək olar ki, hər bir evdən, eldən, kənddən, nəsildən nümayəndələr vardır. Bu insanlarının hər birini bu gün bir amal, istək birləşdirir: azadlıq aşiqlərinin ölməz ruhuna hörmət, şəhid ucalığına məhəbbət istəyi...

Bütün idarə, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, mədəni-maarif müəssisələrinin işçilərinin iştirak etdiyi bu ümumxalq hüzn günü daşksəsənlilərin yaddaşında həm matəm, həm də qəhrəmanlıq günü kimi yaşamaqdadır. Matəm günüdür ona görə ki, Azərbaycanımızın döyünən ürəyi olan Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər isə həbs olunub.

Mərasim iştirakçılarının bu hüznlü günündə bir təsəllisi, bir ümid ünvanı vardır. Azğınlaşmış bu cinayətkarlar beynəlxalq qanunlardan, cəzalardan kənarda qalsalar da Allah qanunları qarşısında çox müticəsinə cavab verir və verəcəklər. Tarix belələrini daim böyük nifrətlə, böyük qəzəblə yad edəcəkdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanındakı əbədi məşəl önünə əklil qoyub, Müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda həlak olmuş daşkəsənlilərin qəbirlərinin üzərinə tər çiçəklər düzüb, şəhid ailələri ilə görüşüb, onların ehtiyac və qayğıları ilə maraqlanıb. Söhbət əsnasında icra başçısı qeyd edib ki, bu faciə Azərbaycan xalqının tarixinin qan yaddaşında əbədi qalacaqdır. Hər nəslin mənəvi borcudur ki, bu gün də, sabah da 1990-cı ilin 20 Yanvarında nələri itirib, nələri qazandığımızı yaxşı bilsin, həmin günlərin əhəmiyyətini anlasın və gələcək nəsillərlə paylaşsın. Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməmizə yeni səhifə kimi yazıldı. Şanlı tariximizin bu səhifəsi imperiya güllələrinin səsi ilə açılsa da şəhidlərimizin qanı ilə əbədi olaraq yazıldı. Belə şəhidlər xiyabanı bizlərin and yeri, müqəddəs ziyarətgahıdır.

Şəhidlər xiyabanını ziyarətdən sonra mərasim iştirakçıları rayon Mədəniyyət evində 20 Yanvar hadisələrinin bəzi məqamlarını əks etdirən filmə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə