20 Yanvar şəhidlərinin xatirəsi Misirdə yad edilib

20 Yanvar şəhidlərinin xatirəsi Misirdə yad edilib

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 19 yanvar tarixində Qahirədə anım mərasimi keçirilib. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri, Qahirə, Ayn-Şəms, Mənsuriyyə və Əl-Əzhar universitetlərinin müəllim və professorları, yerli qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri, gənc elmi tədqiqatçılar, Misirdə yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Səfir Ş.Abdullayev Azərbaycan xalqının Sovet rejiminə qarşı milli azadlıq mübarizəsi və Ermənistanın təcavüzkar siyasətinə qarşı Azərbaycanda başlamış etiraz dalğası haqqında məlumat verərək, 1990-cı ilin 20 yanvar gecəsi kommunist rejimini xilas etmək və Azərbaycan xalqının mübarizə əzmini qırmaq üçün Sovet ordu birləşmələrinin Bakı şəhərinə müdaxilə etdiyi, mülki əhaliyə qarşı ağır texnika və odlu silahlardan istifadə edərək 134 nəfərdən artıq dinc nümayişçiləri qətlə yetirdiyini, 700 nəfərə qədər insanı ağır yaraladığını diqqətə çatdırmış və 400 nəfərdən artıq şəxsin itkin düşdüyünü bildirib.

Səfir qanlı yanvar faciəsindən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Sovet rejiminin qanlı siyasətinə kəskin etiraz etdiyini və bu faciə ilə əlaqədar Kremlin yürütdüyü informasiya blokadası siyasətini sındırdığını və xalqı öz ətrafında birləşdirdiyini qeyd edib.

SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyi və bu yolda üzləşdiyi çətinliklər, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü barəsində danışan səfir 21 illik müstəqillik illəri ərzində Azərbaycanın əldə etdiyi nailiyyətləri və Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın sürətli və dinamik inkişafı haqqında məlumat verib.

Çıxış edən jurnalist Məhəmməd Sələmə Sovet rejiminin tətbiq etdiyi informasiya blokadasına baxmayaraq, 1990-cı il yanvarın 28-də Misirin "Əl-Siyəsi" qəzetinin 751-ci sayında "Qorbaçovun Azərbaycandakı hərbi avantürasının arxasında nə durur?" adlı məqalə ilə çıxış etdiyini xatırlatmış və hələ o zaman Misirdəki SSRİ səfirliyinin bu məqaləyə etiraz etdiyini diqqətə çatdırıb. Bu faciənin Əl-Əhram və digər Misir qəzetlərində də işıqlandırıldığını qeyd edən jurnalist hətta Misir parlamentində də 20 yanvar faciəsinin müzakirə obyekti olduğunu və millət vəkillərinin SSRİ-nin bu siyasətinə etiraz etdiklərini deyib. O, araşdırmalarını davam etdirərək, Misir və ərəb dünyası mətbuatında qanlı yanvar faciəsi ilə əlaqədar çap edilmiş məqalələri topladığını və Azərbaycan Səfirliyinin dəstəyi ilə külliyyat formasında yaxın vaxtlarda çap etdirəcəyini bildirib.

Tədbir iştirakçılarına 20 yanvar faciəsinə aparan yol və Bakıda törədilmiş qırğının nəticələri haqqında film nümayiş etdirilmiş, səfirliyin pres-relizi yayılıb.

Mərasim barəsində Misirin bir neçə dövlət televiziya kanalı tərəfindən çəkilişlər aparılmış və 20 yanvar faciəsi barəsində televiziya kanallarına və mətbuata müsahibələr verilib.

Yaxın günlərdə verilişlərin efirə getməsi və məqalələrin çap edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə