İran-ABŞ münasibətlərinin pisləşməsində azərbaycanlıların taleyi necə ola bilər?

İran-ABŞ münasibətlərinin pisləşməsində azərbaycanlıların taleyi necə ola bilər?

Son dövrlər yenidən İrana qarşı hərbi hücumların mümkünlüyü, regionda yeni münaqişə ocağının yaranacağına dair müzakirələr səngimək bilmir. Əksər ekspertlər hesab edir ki, İran nüvə istehsalı ilə bağlı iddialarından əl çəkməzsə, bu tezliklə ona qarşı hərbi hücumları gerçəkləşdirəcək. İrana qarşı müharibə Azərbaycanın xeyrinə deyil. Çünki ən azı qonşu ölkədəki humanitar faciənin Azərbaycana mənfi təsirləri olacaq, soydaşlarımız itkilərə məruz qala bilərlər və s.

İranda müharibə olacağı təqdirdə azərbaycanlıların öz vətənlərinə, yəni Azərbaycan gələcəyinə dair fikirlər də səsləndirilir. Bəs görəsən, ABŞ-la İran arasında müharibə olacağı təqdirdə azərbaycanlılar nə kimi ziyan çəkə bilər?

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycan adlı bir dəstəyi və ümid edəcəyi bir dövlət var. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə həmişə özünün bir dövlət, xalqın süveren ölkəsi kimi həmişə mövqeyini ortaya qoyub: "İstəməzdim ki, ABŞ-la İran arasıdakı münasibətlər soyuq müharibədən isti müharibəyə keçsin. Hətta olarasa belə, hesab etmirəm ki, İranda yaşayan azərbaycanlılar Azərbaycana keçəcək. Çünki İran da Azərbaycan xalqının iki dövlətindən biridir. Orada yaşayan 30 milyon xalq heç bir zaman öz ərazisini qoyub başqa bir dövlətə keçə bilməz. Bu baxımdan orada yaşayan azərbaycanlıların İran dövlətinin maraqlarının qorunmasında rolu olacağına və eyni zamanda, öz torpağını, tarixi kökünü qoruyub saxlaycağını düşünürəm".

İranın bununla bağlı hər hansı bir narahatlıq keçirməsinə gəlincə, A.Mirzəzadə qeyd edib ki, bu artıq İranın problemidir. Onun sözlərinə görə, bəlkə də kimlərsə istərdi ki, hər hansı bir problemdə milyonlarla cənubi azərbaycanlı Azərbaycan Respublikasına keçsin: "Ancaq mən indiyə qədər İranda yaşayan azərbaycanlılardan kiminsə bir problem olarsa, öz dədə-baba yurdunu atıb Azərbaycan və ya digər dövlətə keçəcəyi bəyanatını eşitməmişəm. Bəlkə də kimlərsə bu yollar torpaqları boşaltmaq, oranı azərbaycansızlaşdırmaq istəyirlər. Ancaq Azərbaycan xalqı bir hissəsi İranda, bir hissəsi Azərbaycanda yaşayaraq hər iki dövləti Azərbaycan dövləti hesab edir, hər bir halda öz torpaqlaırnda qalmaq və qorumaq əzmindədir".

Hər halda, hələlik proseslər soydaşlarımızın ölkəsini tərk edecək qədər qorxulu deyil. Bu sadəcə Amerika və İran arasinda baş verən çəkişmədən yaranan söhbətlərdir. Sonra baş verəcəkləri isə zaman göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə