Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi yad edilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi yad edilib

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda "20 Yanvar - xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbiri Gənclər və İdman Nazirliyinin (GİN) Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov açıb. O, toplantıda iştirak edən qonaqları salamlayıb. 20 Yanvar şəhidlərinin ruhunu anmaq üçün 1 dəqiqəlik sükut elan olunduqdan sonra 20 Yanvar faciəsini əks etdirən video-çarx nümayiş etdirilib.

Dəyirmi masada çıxış edən Gəncliyə Yardım Fondunun baş katibi Nəcməddin Çalışqan, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin müşavirləri İsmayıl Çalışqan və Fərrux Tığlı, Respublika Veteranlar Təşkilatının sədri Əlfayım İsmayılov, Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) sədri Taleh Əliyev, Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Şahsuvar Hacızadə, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva bu günün Azərbaycan tarixində şanlı bir gün olduğunu vurğulayıblar. Azərbaycan xalqının bir yumruq olaraq Sovet haqsızlığına qarşı meydana çıxdığını qeyd ediblər.

Türkiyə səfirliyinin nümayəndələri Türkiyənin daim Azərbaycanın yanında olduğunu, bundan sonra da olacağını qeyd ediblər, Ümummilli Lider Heydər Əliyevin "bir millət, iki dövlət" şüarı ifadə olunub.

Dəyirmi masanın sonunda Azərbaycanın Rusiya və Ukraynadakı gənclər təşkilatları ilə video bağlantı yaradılıb. Gənclər həmin ölkələrdə keçirilən silsilə tədbirlər haqqında tədbir iştirakçılarına məlumat verib.


Bütün xəbərlər Facebook səhifəmizdə