Yeni
Azərbaycan Partiyasının gəncləri Fransa Respublikası Milli Assambleyasının
"erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun
layihəsinin qəbul edilməsinə etirazını bildirmək məqsədi ilə Fransa
Respublikasının Senatına müraciət ünvanlayıblar. SİA-nın
xəbərinə görə, müraciətdə
qeyd olunur: "Sizə müraciət edən Azərbaycan gənclərinin bir qrupudur.
Məqsədimiz həm Fransa Respublikası Milli Assambleyasının "erməni soyqırımı"nın
inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul edilməsinə
etirazımızı bildirmək, həm də Fransa Senatını sizin ölkənin parlamentinin aşağı
palatasının səhvini və ədalətsizliyini təkrar etməməyə səsləməkdir. Əgər sizi
bizim müraciətin motivləri maraqlandırırsa, güman edirik ki, o tamamilə
anlaşılandır. Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması məqsədilə ATƏT-in yaratdığı Minsk qrupunun həmsədridir və biz gənc
insanlar olaraq xalqımız üçün həlledici qərarın qəbul edilməsinə yardım
göstərən ölkənin ədalətsiz addım atmasını arzu etmirik".
Müraciətin sovet qoşunları tərəfindən Bakı
şəhərində törədilən qanlı 20 Yanvar faciəsinin növbəti ildönümünə təsadüf
etdiyi vurğulanan məktubda daha sonra qeyd olunur ki, təxminən bir aydan sonra
erməni silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin əhalisinin qətlə
yetirilməsinin 20 ili tamam olur. Bu faciə nəticəsində bir gecənin içərisində
613 nəfər xüsusi qəddarlıqla öldürülmüş (onların 63 nəfəri uşaq, 106 nəfəri
qadın, 70 nəfəri isə qoca idi), 487 nəfər dinc insanlar isə ağır bədən xəsarəti
almışdır. Xatırladığınız kimi, Fransa parlamenti bu hadisələrin heç biri
haqqında heç bir etiraz səsi ucaltmamışdı, baxmayaraq ki, hər iki faciə indi
yaşayan nəsillərin gözləri qarşısında baş vermişdir, necə deyərlər, şahidlərin
hamısı sağdır".
Müraciətdə
daha sonra bildirilir: "Açıq etiraf etmək istəyirik. Gənc insanlar olaraq
Qarabağ münaqişəsinin taleyini həll etməli olan dövlətin nümayəndələrinin
"ikili standartlar" prinsiplərindən davranması bizi çox narahat edir. Axı biz
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sizdən ədalətli mövqe gözləyirik.
İnsanı inamına görə cəzalandırmaq cəhdini də
başa düşə bilmirik. Gənc insanlar kimi biz haqqa, ədalətə inanırıq,
xeyirxahlığa inanırıq, gələcəyə inanırıq və indi məlum olur ki, Fransada insanı
nəyəsə inanmadığına görə cəzandırmaq istəyirlər. Keçmişdə insanlara Allaha
inanmadığına görə cəza verirdilər. Sonralar bolşeviklər gəldilər və Sovet
İttifaqında insanları Allaha inandığına görə cəzalandırmağa başladılar. Nə
yaxşı ki indi bunların heç biri yoxdur".
Müraciət
müəllifləri əmin olduqlarını bildiriblər ki, Fransa Senatı insanı inamına görə
cəzalandırmağa əsas ola biləcək qanunu qəbul etməyəcək.
Qeyd edək ki, Fransa Respublikası Milli Assambleyası "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsini qəbul edib və həmin qanun layihəsinin yanvarın 23-də Fransa Senatında müzakirəsi gözlənilir.YAP gənclərinin bu müraciəti yanvarın 19-da Fransa Respublikasının Azərbaycandakı səfirliyinə təqdim edilmiş və Fransa Senatının hər bir senatoruna göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB