Ombudsmanın 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. SİA-nın xəbərinə görə, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
Bəyanatda bildirilir: "20 Yanvar 1990-cı ildən zaman baxımından uzaqlaşdıqca o müdhiş tarixin ayrı-ayrı məqamları, hadisənin əsl mahiyyəti açılır, qırğın törədənlərin kimliyi və məkrli məqsədləri daha aydın bəlli olur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox şəhər və rayonuna yeridildi. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, millətçi ermənilərin respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulmuşdur.
Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 132 nəfər mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 612 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Cəbhə xəttini xatırladan, blokadaya alınmış, səmasında hərbi vertolyotlar fırlanan Bakıda ölçüyəgəlməz dağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar misli görünməmiş, xüsusi qəddarlıqla qətlə yetirilmiş, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi zərər vurulmuşdu. İnsanlıq simasını itirmiş hərbi canilər törətdikləri vəhşilikləri ört-basdır etmək, həlak olanların dəqiq sayını gizlətmək üçün cəsədləri belə məhv edirdilər.
Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuşdu. Azğınlaşmış hərbçilər bu fəlakətli gecədə mərhəmət hissini tamamilə unudaraq, ağır yaralıları yerindəcə öldürürdü. Hətta yaralıları çıxaran təcili tibb yardımı maşınlarına və həkimlərə də atəş açılmış, onlarla tibb işçisi yaralanmış, şəhid olmuşdur.
Sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi və kobudcasına pozulması ilə müşahidə olunan və tarixə 20 Yanvar faciəsi kimi düşmüş o dəhşətli gecədən artıq iyirmi iki il keçir. XX əsrdə törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.
"Yenidənqurma" siyasəti həyata keçirən Sovet dövləti beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycana qarşı misli görünməmiş hərbi təcavüz etmiş, insanların ən ali hüququ olan yaşamaq hüququnu kütləvi şəkildə pozmuşdur. Bu müdhiş, qanlı qırğın Azərbaycan xalqına qarşı mütəşəkkil terror siyasətinin başlanğıcı, silsilə terror aktları sırasında ən ağır zərbələrdən biri olmuşdur. Sovet imperiyası həmin cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək vermiş, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf
yeddi rayondan əhali zorla qovulmuş, soydaşlarımızın bir milyon nəfəri qaçqına və öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilmişdir.
Azərbaycanda öz hökmranlığını təsdiqləmək niyyətində olan imperiyanın amansızcasına törətdiyi, bəşər tarixində dövlətin öz vətəndaşlarına qarşı ən qatı cinayətlərindən biri olan bu vəhşilik nümunəsi əks-nəticə vermiş, xalqımızın müstəqillik uğrunda inadlı mübarizəsini daha da gücləndirmişdir.
Ümummilli lider Heydər Əliyev hələ 21 yanvar 1990-cı il tarixdə bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir. Həmin tarixi Milli Matəm günü kimi elan etmiş ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən bu hadisəyə rəsmi siyasi - hüquqi qiymət verilmiş, insanlığa qarşı yönəlmiş həmin aksiyanın Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinə divan tutmaq üçün törədildiyi bildirilmişdir.
20 Yanvar - Ümumxalq Hüzn günü respublikamızda hər il qeyd edilir, xalqımız igid övladlarının fədakarlığını ehtiramla yad edir. Bu il də paytaxtda və bölgələrdə müvafiq silsilə tədbirlərin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. 20 Yanvar təcavüzü zamanı yüksək vətənpərvərlik və hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən, "20 Yanvar şəhidi" fəxri adı verilmiş, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" müvafiq Sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinətin məbləği artırılmış və bu qayğı davam etdirilməkdədir.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Dövlət Sosial Müdafiə Fondunun illik büdcəsində bu qanlı hadisələr zamanı əlil olmuş şəxslərə müvafiq müavinət nəzərdə tutulur, həmçinin həmin ailələrə ölkə başçısının 19 yanvar 2011-ci il tarixli Fərmanı ilə Prezident təqaüdü verilir. Dünyanın, o cümlədən Avropanın bir çox ölkələrindəki diaspor təşkilatlarımız tərəfindən müxtəlif aksiyalar, anma mərasimləri, xatirə gecələri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə, ümumən Azərbaycan həqiqətlərinə yönəldilir.
ABŞ-dakı Azərbaycan və türk diasporları Konqres üzvlərinə məktub göndərmiş, 20 Yanvar faciəsinin ildönümünə diqqəti çəkərək, bu hadisənin qurbanlarının yad olunmasını xahiş etmişlər.
Vaşinqtonun meri Vinset Qrey 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilmiş qırğının ildönümü ilə bağlı bəyannamə imzalamış, bu faciədə şəhid olanların xatirəsini anmağa çağırmışdır.
Faciə qurbanları xalqımızın müqəddəs and yerinə, ziyarətgaha çevrilmiş Bakıdakı və respublikamızın müxtəlif bölgələrindəki Şəhidlər xiyabanlarında uyuyur. Xalqımız həlak olmuş oğul və qızlarımızın milli azadlıq mübarizəsi uğrunda nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacaq, ölkəmizin bu günü və gələcəyi, taleyüklü prioritet məsələlərin həlli, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətimizin daha qüdrətli olması naminə öz milli həmrəyliyini daha da möhkəmlədəcəkdir.
Müasir beynəlxalq hüququn ən mühüm nailiyyətlərindən biri insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətlərarası əməkdaşlıq səviyyəsinə çıxarılması, bu sahədə beynəlxalq təminatların yaradılmasıdır. Bununla da insan hüquqları dövlətlərin sırf daxili səlahiyyətləri çərçivəsindən çıxaraq beynəlxalq əhəmiyyət kəsb edir. 20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.
20 Yanvar faciəsi kütləvi insan itkisi ilə nəticələnən terror hadisələri sırasında öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin həmin qanlı cinayətə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməmişdir.
Bir daha bəyan edirik ki, əvvəlcədən düşünülmüş, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə xalqımıza qarşı törədilmiş, beynəlxalq və dövlətdaxili hüquqa əsasən bütün əlamətləri özündə əks etdirən bu soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Ümidvarıq ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB