Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidləri yad edilib

Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidləri yad edilib

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi yanvarın 19-da AMEA Şərqşünaslıq İnstitutunda yad edilib.

SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib: "22 il öncə baş vermiş hadisələri bir yandan bir faciə kimi xatırlayırıqsa, digər yandan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər".

Gövhər xanım Azərbaycan Prezidentinin 20 Yanvar hadisələri ilə bağlı sərəncamını xatırladaraq, bu gün Respublikanın bütün bölgələrində keçirilən tədbirlərdə şəhidlərin xatirəsinin anıldığını qeyd edib.

İnstitutun "Din və ictimai fikir" şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Esmeralda Həsənova Sovet Ordusunun qarşısına əliyalın, sadəcə, ürəklərindəki cəsarət və azadlıq eşqi ilə çıxan və mərdliklə şəhid olan həmvətənlərimizin qəhrəmanlıqlarını qeyd edərək, Şərqşünaslıq institutun əməkdaşı Mənsur Əliyevin də həmin hadisələrdə yaralandığını yada salıb.

İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə üzrə fəlsəfə doktoru Rəşid Quliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şahidi olduğu hadisələri xatırlayıb. O, 20 Yanvar mövzusunun bədii ədəbiyyatda əks olunmasından danışaraq, özünün də şəhidlərin ruhuna həsr etdiyi "Qərənfil" şeirini oxuyub.

Tədbirdə Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov, "Cənubi Azərbaycan tarixi" şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, institutun həmkarlar təşkilatının sədri, hüquq üzrə üzrə fəlsəfə doktoru Soltanəli Mirzəzadə çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə