20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 127 şəhid ailəsinə və 328 nəfər əlilə birdəfəlik maddi yardım göstəriləcək

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 127 şəhid ailəsinə və 328 nəfər əlilə birdəfəlik maddi yardım göstəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi \"20 Yanvar faciəsinin 22-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında\" 5 dekabr 2011-ci il tarixli, 99 nömrəli sərəncamının icrası məqsədilə ƏƏSMN 20 Yanvar Cəmiyyəti və 20 Yanvar Fondu ilə birlikdə müvafiq tədbirlər görüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar nazirlik 127 şəhid ailəsinin və 328 nəfər əlilin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi məqsədilə vəsait ayırıb. Qurumdan bildirildi ki, "20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdünün təsis edilməsi haqqında\" dövlət başçısının 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə \"20 Yanvar şəhidi\" fəxri adı almış şəxslərin ailə üzvlərinə ayda 300 manat məbləğində Prezident təqaüdü təyin olunub. Eyni zamanda, ölkə rəhbərinin 19 yanvar 2011-ci il tarixli, 370 N-li Fərmanına əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I qrup əlillərə 150, II qrup əlillərə 130, III qrup əlillərə isə 100 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib. Hər il 20 Yanvar faciəsinin ildönümündə nazirliyimizdə 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirilir və onlara birdəfəlik maddi yardımlar verilir.


20 Yanvar əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir və ƏƏSMN tərəfindən indiyədək 51 nəfər şəhid ailəsi və 20 Yanvar əlili mənzillə, 50 nəfər əlil isə minik avtomaşını ilə təmin edilib. Bununla yanaşı, 7 nəfər 20 Yanvar əlilinin respublikadan kənarda və respublika daxilində müalicəsinə müvafiq köməklik göstərilib. Həmçinin nazirliyimizdə fəaliyyət göstərən komissiyanın qərarı ilə 85 nəfər 20 Yanvar əlilinə birdəfəlik maddi yardım verilib. Son üç ildə bu təbəqədən olan 25 nəfər əlil vətəndaşın yay mövsümündə Nabran istirahət zonasında dövlət hesabına istirahəti təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə