Göygöldə tarixi abidələr niyə qorunmur? - FOTO

Göygöldə tarixi abidələr niyə qorunmur? - FOTO

Söhbət rayonun müəyyən tarixi dövrünü əks etdirən almanlar tərəfindən inşa olunan abidələrdən gedir. Rəsmi statistikaya görə, hazırda Göygöldə 379 tarixi abidə var ki, onlardan təxminən 200-dən artığı almanların tikdirdiyi evlərdir. Tikililərə əlavələr edilib, qədim görkəmi sıradan çıxarılıb. Bu isə sözügedən qədim tikililərin memarlıq üslubunun pozulmasına səbəb olub. Qeyd edək ki, nizamlı şəkildə biri-biri ilə fərqlənməyən mənzillər rayona gələn hər bir turistin xüsusi diqqətini çəkir. Bundan əlavə, evlərdə qədim alman yazılarına indi də rast gəlmək mümkündür. Görəsən, aidiyyəti qurumlar niyə belə vəziyyətə biganə yanaşır?

Məsələyə münasibət bildirən Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Şərqiyyə Hümbətovanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, qədim tikililərin memarlıq üslubunun pozulması keçmiş rayon rəhbərliyinin dövründə baş verib: "Yəni bir vaxtlar quruma rəhbərlik edənlərin laqeydsizliyi evlərin tarixi görkəminə xələl gətirib. Bu gün isə əksinə qədim alman evləri qorunur və onların mühafizəsinə ciddi nəzarət olunur".

Müsahibimiz etiraf edir ki, qədim tikililərin dövlət əhəmiyyətli abidələr siyahısına daha tez bir şəkildə salınması olduqca əhəmiyyət daşıyır: "Rəsmi müraciət olunub və cavab gözlənilir. Almanların isə əraziyə, belə desək axını davam edir".

Qeyd edək ki, almanlar hələ 19-cu əsrin əvvəllərində kütləvi şəkildə Göygöldə məskunlaşdırılıb. Uzun illər isə burada yaşayıblar.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə