20 Yanvar faciəsinin 22-ci ildönümünə hazırlıq davam edir FOTOSESSİYA

20 Yanvar faciəsinin 22-ci ildönümünə hazırlıq davam edir FOTOSESSİYA
İki gündən sonra 1990-ci ilin 20 Yanvar faciəsinin 22-ci ildönümünü qeyd edəcəyik. Azərbaycan Ümummilli hüzn gününə hazırlaşır. Rəsmi tədbirlər planına əsasən, yanvarın 20-də paytaxt ictimaiyyətinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunacaq, həmin gün saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar vasitəsilə həyəcan fiti verəcəklər. Eyni zamanda respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqları endiriləcək. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədər Şəhidlər xiyabanında ciddi hazırlıq işlərinə başlanılıb. Ötən illərdən fərqli olaraq bu il Şəhidlər xiyabanında əsas yenilik "Əbədi məşəl" kompleksinin yanındakı pilləkənlərdə eskalatorun quraşdırılmasıdır. Hazırda bununla bağlı xiyabanda son tamamlama işləri gedir. 15 metrlik eskalatorun quraşdırılmasında əsas məqsəd xiyabana gələn insanların gedişatını asanlaşdırmaqdır. Şəhidlər Xiyabanında olduğumuz müddətdə soyuq, küləkli havaya baxmayaraq gərgin hazırlıq işləri davam edirdi. Artıq xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət buta kompozisiyası hazırlanıb, xiyabanın bəzənməsində istifadə olunan gül-çiçək ölkənin rayonlarından gətirilib. Güllərdən xüsusi tərtibata və dekorasiyaya uyğun istifadə olunur. Bütün bunlarla yanaşı artıq bu gündən Şəhidlər Xiyabanına insan axını başlayıb.Cəmi bir neçə saat ərzində yüzlərlə azyaşlı azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edib. Aşağı sinif şagirdləri baş verən faciəni tam dərk etməsələr də, müəllimlərin tarix barədə dediklərini yadda saxlamağa çalışırlar. Qeyd edək ki, ümummilli hüzn günü "Elmlər akademiyası" metrostansiyasından Şəhidlər xiyabanı istiqamətinə gələn bir neçə avtobus marşrutu pulsuz işləyəcək. "Azərbaycan Dəmir Yolları" QSC-də 20 yanvar faciəsinin 22-ci ildönümü gwnw saat 06:00-dan 23:00-dək Abşeron şəhərətrafı zonada hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

Qeyd edək ki, sakinlərin xiyabana ziyarəti axsam saatlarında da davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə