Səbail rayonunda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş sakinlərlə görüş keçirilib - FOTO

Səbail rayonunda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş sakinlərlə görüş keçirilib - FOTO

20 Yanvar faciəsindən artıq iyirmi iki il ötür. Xalqımızın qan yaddaşına yazılmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur.

SİA-nın xəbərinə görə, rayon ərazisində yerləşən ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetlərində, Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinə həsr olunmuş toplantı və xatirə mərasimləri keçirilib. Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında fotosərgilər təşkil olunmuş, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılıb. Hər bir məktəbdə anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir, şagird və tələbələrin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunur. Yanvar ayının 18-19-da rayondakı bütün orta məktəblərdə keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilib.

Şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanının Səbail rayonu ərazisində yerləşməsi ilə əlaqədar rayonun təsərrüfat xidmətləri bu günlərdə xüsusi iş rejimində çalışırlar. SİA-nın məlumatına görə, xiyaban və onun ətrafında abadlıq işləri aparılır, burada təmizliyin təmin olunması üçün əlavə işçilər cəlb olunub. Bu il xiyabanda daha bir yenilik edilmiş, yaşlı, xəstə, fiziki qüsurlu vətəndaşlarımızın ziyarətinin asanlaşdırılması üçün burada eskalator quraşdırılıb. Yanvar ayının 20-də rayonun təsərrüfat xidmətlərinin işçiləri səliqə-sahman yaradılması üçün bütün gün ərzində Fəxri Xiyabanda olacaqlar.

Həmin gün ictimai asayişin və Şəhidlər Xiyabanına ziyarətə gələnlərin təhlükəsizliyinin təmin olunması və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün Səbail rayon Polis İdarəsinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaqlar.

Yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri Şəhərdəki Cümə məscidində şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.

Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondunun rayon Mərkəzinin, Ağsaqqallar və Veteran Təşkilatları Şurasının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş keçirilib. Görüş torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub: "Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olublar. Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməyib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar".

Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edib.

İcra başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, qeyd olunub ki, 2011-сi ildə II qrup 20 Yanvar əlili, rayon sakini Elmar Həşimovun ailəsi İcra Hakimiyyətinin köməyi ilə yeni mənzillə təmin olunub.

Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəhid ailələri və əlillərə maddi yardım göstərilib və ərzaq bağlamaları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə