Ötən il ərzində Bakı şəhəri üzrə qeydə alınmış cinayətlərin 73,3 faizi açılıb

Ötən il ərzində Bakı şəhəri üzrə qeydə alınmış cinayətlərin 73,3 faizi açılıb

Bu gün Bakı Şəhər Prokurorluğunda şəhər və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2011-ci ildə şəhər prokurorluğu orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində gördüyü işlərin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov 2011-ci ildə də, əvvəlki illərdə olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməklə böyük nailiyyətlər əldə olunduğunu, iqtisadiyyatın bütün sahələrinin inkişaf etdiyini, valyuta ehtiyatlarının artmasını, ölkə iqtisadiyyatına milyardlarla investisiyaların qoyulmasını, yeni iş yerlərinin açılmasını, işsizliyin səviyyəsinin aşağı düşməsini, ictimai-siyasi sabitliyin dönməz dayanıqlığını, əldə edilmiş nailiyyətlərin kriminogen durumun sabitləşməsinə müsbət təsirinin olmasını və respublikamızın bölgədə və beynəlxalq aləmdə mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsini diqqətə çatdırıb.

Bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər həyata keçirilib və müəyyən nəticələr əldə edilib. Belə ki, ötən il ərzində şəhər üzrə cəmi 11316 cinayət hadisəsi qeydə alınıb, onların 73,3 faizi açılıb. 2010-cu illə müqayisədə hesabat dövründə ağır və xüsusilə ağır cinayətlərin sayı 103 hadisə və ya 7,4 faiz azalıb. Şəhərin digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində çoxsaylı qəsdən adamöldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin üstü açılmış, əvvəlki ilə nisbətən hesabat dövründə daha çox qanunsuz narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılıb.

Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib, il ərzində prokurorluq orqanlarında 523, daxili işlər orqanlarında isə 3959 cinayət işinin istintaqı yekunlaşdırılıb, onların əksəriyyəti baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat ilində əlaqəli şəkildə aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində geniş əks-səda doğurmuş Nərimanov rayonunda 78 və 76 yaşlı ər-arvad Əkbərovların nəvələri Ramin Əkbərovun təşkilatçılığı ilə qətlə yetirilmələri, iş adamı - "Azər Rus" MTK-nın təsisçisi Əflatun Piriyevin Hümbət Məmmədovun sifarişi əsasında Fərman Hacıyev və qeyriləri tərəfindən qətlə yetirilməsi, Nəsimi rayonunda xəbərsiz itkin düşmüş Reyhan İsgəndərlinin İlqar Ağayev və qeyriləri tərəfindən öldürülərək meyitinin Xızı rayonunun ərazisində basdırmaları kimi xüsusilə ağır cinayətlərin açılması təmin olunub.

Qeyd edilib ki, hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı nöqsanlar da mövcud olub. 2011-ci ildə qeydə alınmış 5 qəsdən adamöldürmə, 39 quldurluq, 16 ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir.

Əziz Seyidov ağır və xüsusilə ağır cinayət işlərinin açılması üçün kriminalistika xidməti işinin daha da gücləndirilməsinin, istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin vaxtında və düzgün qurulmasının vacibliyini qeyd edib.

Şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2011-ci ilin nəticələrinə görə, artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına ciddi əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib.

Müşavirədə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran şəhər prokuroru Əziz Seyidov əmin olduğunu bildirib ki, şəhər prokurorluğunun kollektivi qüvvələrini səfərbər edərək, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə