Rövnəq Abdullayev: “Qanunsuz tikililərdə yaşayanlar təhlükədən sığortalanmayıb”

Rövnəq Abdullayev: “Qanunsuz tikililərdə yaşayanlar təhlükədən sığortalanmayıb”

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Keşlə qəsəbəsində qanunsuz tikililərin sahibləri ilə görüş keçirib. SİA-nın verdiyi xəbərə görə, R. Abdullayev qanunsuz tikililərlə bağlı məsələnin hansı səbəbdən gündəmə gəlməsi və həmin tikililərin orada yaşayan sakinlər üçün nə dərəcədə təhlükəli olması ilə bağlı məlumat verib: "ARDNŞ investisiya layihələrini xarici kreditlər hesabına həyata keçirir. Bu kreditlər verilməzdən öncə kredit verən tərəf ARDNŞ-ın fəaliyyətini araşdırır. Beynəlxalq qurumlar şirkətə reytinq verəndə bütün bu məsələlər nəzərə alınır. ARDNŞ-ə məxsus ərazilərdə qanunsuz tikililərin olması və həmin ərazilərdə insanların təhlükəli şəraitdə yaşaması onlar tərəfindən mənfi hal kimi qiymətləndirilir. Bu gün bu məsələnin gündəmə gəlməsinin səbəblərindən biri budur. Digər bir tərəfdən isə həmin ərazilərdə inşa olunan evlər orada yaşayan vətəndaşların özləri üçün təhlükə mənbəyidir. ARDNŞ bütün bunları nəzərə alaraq qanunsuz tikililərin sökülməsi ilə bağlı iddia qaldırıb. Burada məqsədimiz həmin tikililəri sökmək yox, əhalini onları gözləyə biləcək təhlükədən xəbərdar etməkdir. Əhalinin nəzərinə çatdırmaq istəyirik ki, həmin yaşayış evləri qanunsuz olmaqla yanaşı həm də təhlükəlidir. Öncədən bildiririk ki, əgər hər hansı bədbəxt hadisə baş verərsə, buna görə ARDNŞ məsuliyyət daşımayacaq".



R. Abdullayev tikililərin orada yaşayan insanların səhhətləri üçün də təhlükə mənbəyi olduğunu deyib: "Əgər bu gün kimsə həmin tikililərin zərərini hiss etmirsə bu o demək deyil ki, hər şey qaydasındadır. Ərazi radiasiyalı olduğundan bunun zərəri bu gün hiss olunmasa da, gələcəkdə orada böyüyən uşaqların, dünyaya gələcək körpələrin zərər çəkməyəcəyini demək olmaz".



Son parlament seçkilərində sözügedən ərazidən deputat seçilən R.Abdullayev qanunsuz tikililərin sahiblərinə tam olaraq evlər sökülməyəcəyinə təminat verildiyini də bildirdi. Qeyd etdi ki, bu məsələ dövlət başçısı İlham Əliyevin də diqqətindədir və problemin sakinlərə zərər dəymədən həlli yolları axtarılır. R. Abdullayev zərurət yaranarsa ərazidə yaşayan sakinlərin ARDNŞ istifadə olunmayan başqa ərazilərdən torpaq ayrıla biləcəyini də istisna etmədi: "Qanuni sənədi olan vətəndaşların məsuliyyətini həmin ərazidə tikintiyə icazə və sənəd verən qurumlar daşıyacaq. Digər sakinlərin də evlərin sökmək niyyətində deyilik. Həmin vətəndaşları isə onlara saxta sənədlər verən təşkilatları məhkəməyə verməyə çağırırıq. ARDNŞ-in Hüquq idarəsi bu evlərin sahiblərinin hüquqi imkanları haqqında maarifləndirici arayışlar tərtib edəcək".


Görüşdə R. Abdullayev, Nizami rayon İcra Hakimiyyətinin başçısı, Nizami rayon Məhkəməsinin sədri və digər səlahiyyətli şəxslər qanunsuz tikililərin sahiblərinin suallarını da cavablandırdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə