Yusif Məmmədov: \"Ölkəmizdə maddi kapitalın intellektual kapitala çevrilməsi istiqamətində çox mühüm işlər görülür\" - MÜSAHİBƏ

Yusif Məmmədov: \"Ölkəmizdə maddi kapitalın intellektual kapitala çevrilməsi istiqamətində çox mühüm işlər görülür\" - MÜSAHİBƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov Yap-ın rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni təqdim edir.


- Ötən il ölkəmizdə, o cümlədən təhsil sahəsində hansı nailiyyətlər və yeniliklər yadda qaldı?

- Ümumiyyətlə, 2011-ci ildə bütün sahələrdə sürətli inkişaf meyilləri qeydə alındı. İlk növbədə, ölkəmizin sürətli iqtisadi inkişafı ötən il də davam etdi. Dünyada dərin iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycanın sürətli iqtisadi inkişafı aparılan uğurlu iqtisadi siyasətin göstəricisidir. Vurğulanması zəruri olan məsələlərdən biri də ölkəmizdə ötən il də qeyri-neft sektorunda sürətli inkişafa nail olunmasıdır. Artıq bu sektorda 10 faizədək artım mövcuddur ki, bu da mühüm göstərici kimi dəyərləndirilməlidir. Bu, neft amilindən istifadə etməklə qeyri-neft sektorunun inkişafına nail olunmasına dəlalət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, qeyri-neft sektorunun inkişafında çox mühüm nailiyyətlər əldə edilmişdir. Bunun fonunda regionların sosial-iqtisadi inkişafı da olduqca sürətlənib. Bu da öz növbəsində digər sahələrin inkişafını şərtləndirməkdədir.

Bununla yanaşı, 2011-ci ildə qeydə alınan ən mühüm hadisələrdən biri də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, çox əhəmiyyətli qələbədir. Əvvəla, 155 ölkənin Azərbaycana səs verməsi ölkəmizin beynəlxalq nüfuzunun çox yüksək olmasına dəlalət edir, digər tərəfdən bu mövqedən vacib problemlərimizin həllində istifadə etmək imkanlarımız yaranmışdır. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan tarixinin bütün mərhələlərinə nəzər yetirsək, belə bir nəticəyə gələ bilərik ki, ölkəmiz heç zaman bu qədər yüksək beynəlxalq nüfuza sahib olmayıb. "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsindəki qələbimiz də mədəniyyətimizin təbliği olmaqla yanaşı beynəlxalq nüfuzumuzu təsdiq edən, eyni zamanda artıran başlıca göstəricilərdəndir. Əlbəttə ki, bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirib, eləcə də ölkəmiz dünya ictimaiyyətinə nüfuzlu bir dövlət kimi tanınıb.

Ümumiyyətlə, mədəniyyətimizin təbliği sahəsində çox ciddi uğurlar əldə edilməkdədir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Avropa ölkələrinə etdiyi səfərlər zamanı ölkəmizin mədəniyyəti çox yüksək səviyyədə təbliğ və təqdim edildi, eyni zamanda, həyata keçirilən bu layihələr, bu səfərlər zamanı gündəmə gətirilən məsələlər və söylənilən fikirlər sivilizasiyalararası dialoqa mühüm töhfələr verdi. Səfərlər və çıxışlar zamanı bir daha sübut olundu ki, Azərbaycan tolerant ölkədir və sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Bu da Azərbaycanın beynəlxalq nüfuzuu artıran növbəti əhəmiyyətli amil kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin tərkib hissəsi və prioritet istiqaməti kimi elm və təhsil sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilməkdədir. Ötən ilin göstəriciləri bunu deməyə əsas verir. Bu sahələrdə yerinə yetirilən çoxsaylı Dövlət Proqramları (onların içərisində Xaricdə Təhsil proqramını xüsusi vurğulamaq istəyirəm) müsbət nəticələrini verməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının yaxşılaşdırılması, AMEA əməkdaşları və üzvlərinin əmək haqqlarının artırılması, Universitetlərin tədris və maddi-texniki bazalarının gücləndirilməsi, təqaüdlərin artırılması müasir tipli məktəb quruculuğu və təhsil sektorununun digər sahələrində mühüm addımların atılması-bütün bunların hamısı təhsilə göstərilən yüksək səviyyəli diqqət və qayğının nümunəsidir və şübhəsiz ki, elm və təhsilin inkişafının əsasında duran vacib amillərdir. Mühüm məqam budur ki, ölkənin iqtisadi gücü artdıqca təhsil sahəsinə göstərilən diqqət də artır. Doğrudan da, Prezident İlham Əliyevin hədəflədiyi maddi kapitalın intellektual kapitala çevrilməsi istiqamətində çox mühüm işlər görülür, əhəmiyyətli addımlar atılır.

Nəticə etibarilə, bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə bütün sahələrdə sürətli və davamlı inkişaf mövcuddur. Ziyalılar başda olmaqla ölkə vətəndaşlarının üzərinə düşən başlıca vəzifə isə həyata keçirilən inkişaf siyasətinin dəstəklənməsidir, özü də əməli işlə. Hər bir vətəndaş özünün səmərəli fəaliyyəti ilə bu inkişafa dəstək olmalıdır.


- Azərbaycan təhsilinin Avropa təhsilinə inteqrasiyası prosesi hansı səviyyədədir və əldə olunan nəticələri necə dəyərləndirirsiniz?

- Təhsilimizin Avropa təhsilinə inteqrasiyasında qarşıya qoyulan birinci tələb budur ki, təhsilimizin məzmun və keyfiyyəti Avropanın inkişaf etmiş ölkələrindəki təhsilin səviyyəsi ilə eyniləşsin, onlar bizim təhsil sistemimizi qəbul etsinlər. Bunun üçün də Azərbaycan 2005-ci ildən "Boloniya" sisteminə qoşulub. Burada əsas prinsip forma və məzmunun, öyrətmə və qiymətləndirmənin keyfiyyətinin Avropa təhsili ilə uyğunlaşmasıdır. Qeyd edim ki, bu istiqamətdə universitetlərimiz əhəmiyyətli irəliləyişə və uğurlara nail olublar. Bu sahədə əməkdaşlıq etdiyimiz xarici nümayəndələr də ümumi vəziyyəti yüksək qiymətləndirirlər. Onlar da bizdən bəzi biliklər alırlar, ölkəmizdə rastlaşdıqları müəyyən proqramları öz ölkələrində tətbiq edirlər. Təbii ki, bütün bunlar olduqca sevindirici və təqdirəlayiq haldır. Amma etiraf etməliyik ki, Universitetlərimizin hələlik Avropanın və dünyanın aparıcı ali təhsil ocaqları ilə ayaqlaşmasından çox uzağıq, istər kadr potensialı, istərsə də maddi-texniki baza, maliyyə vəziyyəti baxımından.

Vurğulamaq istəyirəm ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti özündə Avropanın pedaqoji təhsil verən 59 universitetini birləşdirən ETEN adlı assosiasiyanın üzvüdür. ADPU ETEN-in forumlarında iştirak edərək Universitetin mövcud vəziyyətinin prezentasiyasını keçirməklə bu quruma üzv qəbul edilmişdir. Qeyd edim ki, ADPU postsovet ölkələrinin əhatə olunduğu bölgədən ETEN-ə üzv olan yeganə universitetdir. Məhz bu kontekstdə ADPU Avropanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

Bunlarla yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinın Rusiyanın, Pribaltika ölkələrinin, Rumıniyanın, Türkiyənin universitetləri ilə də ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Məsələn, Ankarada yerləşən məşhur Hacəttəpə Universiteti ilə sıx əməkdaşlıq münasibətləri formalaşdırmışıq. Hacəttəpə Universitetinin Eğitim fakültəsi ilə geniş əlaqələrimiz var və bu əlaqələr fonunda davamlı surətdə qarşılıqlı seminarlar, konfranslar, məsləhətləşmələr təşkil edirik. Qeyd edim ki, 2007-ci ilin may ayında Ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə konfrans keçirdik. O zaman buraya Türkiyənin 27 universitetindən 175-ə qədər nümayəndə cəlb etdik. Konfransın işi olduqca səmərəli oldu. Bundan sonra Universitetimizin çoxsaylı əməkdaşları 2007-ci ildə Hacəttəpə Universitetinin yubileyində, 2008-ci ildə orada keçirilən elmi konfransda, 2010-cu ildə isə onlar ADPU-da keçirilən elmi konfransda iştirak etmişlər. Hacəttəpə Universiteti konseyinin qərarı ilə ADPU onların nüfuzlu Universitetlər, "ADPU-nun xəbərləri" elmi jurnalımız isə nüfuzlu elmi dərgilər siyahısına daxil edilmişdir. Ötən dövr ərzində Hacəttəpə Universitetinin 6 əməkdaşı ADPU-da 4 aylıq stajkeçmədə olublar. Eyni zamanda, ADPU digər Türkiyə universitetləri ilə də əməkdaşlıq edir. Hətta bir sıra Avropa universitetlərinə çıxış məhz Türkiyə universitetləri vasitəsilə baş tutmuşdur.

Ümumiləşdirərək deyə bilərəm ki, universitetlərarası əməkdaşlıq bir neçə istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Birincisi, mövcud təmasların əsasında universitetlərarası etibar, fikir yaxınlığı münasibətləri qurulur ki, bu da təhsil sahəsində qarşılıqlı mübadilələrə əlverişli şərait yaradır. İkincisi, universitetlərin xarici ölkələrdə tanınması istiqamətində mühüm imkanlar yaranır. Və ən əsası, bütün bunlar kadr potensialının formalaşması işinə əhəmiyyətli töhfələr verir.

Bütün bunlarla yanaşı, onu da qeyd etmək istəyirəm ki, Avropa təhsil sisteminə inteqrasiya prosesində işlər davam etdirilməlidir. Xüsusilə də bu sırada görülməsi vacib olan əsas iş kadr potensialının yaradılmasıdır. Çünki təhsil sahəsində inkişafın əsasını təşkil edən amillərdən ən vacibi məhz kadr potensialının formalaşdırılmasıdır.


- Tələbələrin biliyinin qiymətləndirilməsi sistemi necədir? Bu barədə məlumat verərdiniz...

- 2007-ci ildə tələbələrinin biliyinin qiymətləndirilməsində subyektiv amilləri aradan qaldırmaq üçün Azərbaycan Dövlət Pedaqoji Universitetində kompüterlər, elektron texnologiyalar vasitəsilə qiymətləndirməyə keçid etmək üçün kompüter mərkəzi yaradıldı. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyinin dəstəyilə və öz büdcəmiz hesabına kompüter mərkəzi yaratdıq. Universitet mütəxəssislərinin gücü ilə mükəmməl proqram təminatı, eləcə də fənlər üzrə yetərli test bankı hazırlayaraq bəzi kurslarda imtahanların gedişində müəyyən eksperimentlər həyata keçirdik. Daha sonra isə tamamilə bu sistemə keçdik. Artıq bu gün əyani şöbədə bütün semestr və dövlət imtahanları, kollokviumlar elektron test üsulu ilə, kompüter vasitəsilə keçirilir (İndi qiyabi şöbənin ilk iki kursunda da bu üsuldan istifadə edilir). İmtahanın nəticələri suallar cavablandırıldıqdan dərhal sonra bəlli olur (monitorda görünür). Bu sistem vasitəsilə imtahan verən tələbələrin nəticələri heç bir subyektiv amilin təsirinə məruz qalmır və hər tələbə öz biliyinə müvafiq surətdə qiymətləndirilir. Bu sistemin faydalı cəhətlərindən biri də budur ki, bütün ixtisaslardan olan tələbələrimiz təhsil müddətləri boyunca daim İKT ilə təmasda olurlar və gələcək müəllimlik fəaliyyətlərində tarix, ədəbiyyat və s. fənlərin tədrisində də müasir texnologiyalardan istifadə etmək bacarığı əldə edirlər.

Bir daha vurğulayıram ki, elektron-test üsulu ilə aparılan imtahanlar tələbələr arasında ayrı-seçkiliyə imkan yaratmır, obyektivliyi təmin edir və ən başlıcası da gənclərin psixologiyasında müsbət dəyişikliyə səbəb olur, onlarda özünə inam yaradır. Bu sistem və mexanizm Respublika səviyyəsində yayılmaqdadır. ADPU-dan sonra digər universitetlər də kompüter vasitəsilə qiymətləndirmə sisteminə istinad edirlər.

Amma bütün bunlarla yanaşı, bir məqamı da qeyd etmək istəyirəm: test vasitəsilə keçirilən imtahanlar (istər Universitetlərdə, istərsə də TQDK tərəfindən qəbul imtahanlarında) tam obyektivliyi və şəffaflığı təmin etsə də, tələbələrin, şagirdlərin təfəkkürünün mükəmməl şəkildə formalaşmasına mane olur. Test imtahanlarına hazırlaşan gənclər düşündürücü məqamlardan yan keçərək ancaq məhdud səviyyəli bilikləri mənimsəyirlər. Ancaq hesab edirəm ki, daha mükəmməl bir üsul düşünülənə qədər test imtahanları bu günkü reallıqlarda tələbələrin və abituriyentlərin obyektiv qiymətləndirilməsinin qaçılmaz üsuludur.

Bütün xəbərlər Facebook səhifəmizdə