20 Yanvar faciəsi Ukraynanın Vasilkov şəhərində də anılıb

20 Yanvar faciəsi Ukraynanın Vasilkov şəhərində də anılıb

20 Yanvar faciəsi dünyanın bir çox şəhərlərində olduğu kimi Vasilkov şəhərində də anılıb. SİA-n Ukrayna bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə azadlıq fədailərini bir dəqiqəlik sükutla yad etdikdən sonra rəsmi hissəyə başlanıb. Tədbirə yerli ziyalılar da dəvət olunub.

Tədbirdə ilk çıxış edən Vasilkov azərbaycanlıları fəallarından olan Ramiz Yurik oğlu Məlikov 20 Yanvar hadisələrində baş verənləri dəhşətli qətliyam adlandırıb: "Azərbaycan xalqı həmin gün SSRİ imperiyanın ordusunun qarşısına əliyalın çıxdı. Bu xalq nə qədər qəhrəman, qorxmaz olduğunu 19 yanvar gecəsi bir daha dünyaya sübut etdi. Həmin gün SSRİ dövləti özünün süquta yetdiyinin bir daha şahidi oldu, xalqımız bunu tökülən qanı bahasına sübut etdi. Həmin gün yüzlərlə Azərbaycan gənci böyük imperiyaya qarşı nifrətini göstərərək özlərini tankların altına ataraq şəhidlik zirvəsinə ucaldılar. Bu xalq azadlıq uğrunda can verməyi, mübarizliyi məhz 20 Yanvar faciəsində bir daha bütün dünyaya sübut etdi".

Daha sonra tədbirdə iştirak edən Olqa Yuriyevna çıxış edərək xalqımızın başına açılan müsibətə biganə qala bilmədiyini vurğulayaraq bu günün insanlığa qarşı böyük bir cinayət olduğunu bildirib.

Tədbirin sonunda Ramiz Məlikovun təşkilatçılığı ilə şəhidlərimizin ruhunu yad etmək, onlara Uca Tanrıdan rəhmət diləmək üçün ehsan süfrəsi açılıb.


Əlmaniz Ələkbərli, Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə