DSMF sədri: \"2011-ci ilin sonuna əmək pensiyaçılarının sayı 14200 nəfər azalıb\"

DSMF sədri: \"2011-ci ilin sonuna əmək pensiyaçılarının sayı 14200 nəfər azalıb\"

Keçən il iyulun 1-nə qədər 85 manat pensiya alan 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb. SİA-nın xəbərinə görə, bunu Dövlət Sosial Mmüdafiə Fondunun sədri Səlim Müslümov Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib. O bildirib ki, 8550 nəfərin pensiyası 100 faizdən çox, 61147 nəfərinki 80 faizdən 100 faizə qədər, 262145 nəfərinki isə 50 faizdən 80 faizə qədər artıb.

Bu islahat nəticəsində cari ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 400 milyon manat olacaq ki, bu da Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin 17 faizini təşkil edir. Bundan əlavə 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub, həmçinin müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanıb və bu 5 min 900 nəfərə yaxın alimi əhatə edib.

Nəticədə, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil edib. Digər tərəfdən, aparılan son islahatdan sonra pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. Təbiidir ki, bu artımlardan sonra pensiya xərclərinin ÜDM-ə nisbəti də artıb və bu göstərici cari ildə 5,34 faiz proqnozlaşdırılır.

lkin məlumatlara görə, 2011-ci ilin sonuna əmək pensiyaçılarının sayı ilin əvvəli ilə müqayisədə 14200 nəfər azalaraq 1 milyon 278 min nəfər təşkil edib. Yaşa görə əmək pensiyaçılarının sayı 18300 nəfər, ailə başçısını itirməyə görə 3200 nəfər azalmış, əlilliyə görə isə 7300 nəfər artıb.

S.Müslümov qeyd edib ki, həmin göstərici 2003-cü ildə 3,9 faiz təşkil edib və 2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz artaraq 810 min nəfərə çatdığı halda, pensiya sistemi xərclərinin artımı 7,3 dəfə olub. Başqa sözlə, 60 yaşdan yuxarı şəxslərin əhalinin sayındakı xüsusi çəkisinin 8,9 faiz təşkil etdiyini nəzərə alsaq, bu xüsusi çəkinin hər 1 faizinə pensiya xərclərinin ÜDM-dəki xüsusi çəkisinin 0,59 faizinin düşdüyünü görərik. Bu da ahıl insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in ən azı 0,5 faizinə qədər pensiya xərcinin ayrılması prinsipinə Azərbaycanda nail olunduğunu göstərir.


Qlobal maliyyə böhranının təsirinin davam etdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü 2011-ci ildə, ilkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilə nisbətən 354 milyon manat və ya 20,1 faiz artaraq 2 milyard 120 milyon manat təşkil edib. Ötən il sosial sığorta haqları üzrə gəlirlər 2010-cu ilə nisbətən 10,8 faiz artaraq 1 milyard 230 milyon manat olub. Sosial sığorta daxilolmalarının 58,6 faizi qeyri-büdcə təşkilatlarının payına düşüb, onların ödədiyi sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,5 faiz və ya 80 milyon manat artıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi daha da gücləndirilib, fiziki şəxslərdən daxilolmalar 14 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri isə 13 faiz artıb.
İl ərzində dövlət büdcəsinin transferti proqnozlaşdırılan həcmdə, yəni 886 milyon manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə