Əli Həsənov: \"Ötən il ərzində 2120 ailənin – 10 600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb\" - MÖVQE

Əli Həsənov: \"Ötən il ərzində 2120 ailənin – 10 600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb\" - MÖVQE

Son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,7 milyard manat və ya 4,6 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib. O bildirib ki, bunun 2,7 milyard ABŞ dolları dövlət büdcəsinin, 1 milyardı Dövlət Neft Fondunun və 900 milyonu isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
O cümlədən, 2011-ci ildə 500 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Həmin vəsaitin 295 milyonu büdcə, 175 milyonu Dövlət Neft Fondunun və 30 milyonu isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Bu vəsaitin 60 faizi son 8 ildə - sizin prezidentlik fəaliyyətiniz dövründə istifadə olunmuşdur.
İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsaitlər hesabına 70 müasir, bütün sosial-texniki infrastruktura malik qəsəbələr salınmış, 22 min ailənin 120 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.O cümlədən, 2011-ci ildə 7 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 12 qərar və sərəncam, Milli Məclis isə 1 qanun qəbul edib.
2011-ci ildə Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsinə beşmərtəbəli 10 yaşayış binasının və rayonun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik beşmərtəbəli 9 yaşayış binasının, Heydər Əliyev Mərkəzinə yaxın yataqxanada çox acınacaqlı vəziyyətdə məskunlaşmış məcburi köçkünlərə Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılıb. Həmçinin Bakı şəhəri ərazisində dövlət ehtiyacları ilə əlaqədar 406 məcburi köçkün ailəsinə Maliyyə Nazirliyinin xətti ilə hazır mənzillər alınmaqla köçürülməsi təmin edilib.

"Naftalan şəhərinin sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamınızın icrası ilə əlaqədar Naftalan şəhərindəki bütün məcburi köçkün ailələrinin Goranboy rayonu ərazisində salınmış beşmərtəbəli 12 yaşayış binasından ibarət yeni məhəllədəki 690 mənzilə köçürülməsi tamamilə başa çatdırılıb. Ötən il, eyni zamanda, investisiya vəsaiti hesabına Füzuli rayonunun Haramı ərazisində 80 evin bərpası, Qazax rayonunda konserv zavodu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 24 evin, həmçinin Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 52 evin inşası başa çatdırılmışdır. İndiyədək Axıska türklərinə məxsus 324 evin inşası başa çatdırılmış və bundan sonra da bu layihə davam etdiriləcək.
Beləliklə, il ərzində 2120 ailənin – 10 600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə