Mərkəzi ofisi İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatına görə, 2011-ci ildə dünyada 980 milyon insan səyahət edib. Bu barədə Trend Türkiyənin \"Zaman\" qəzetinə istinadən məlumat verir.
ÜTT-nın məlumatına əsasən, 2010-cu illə müqayisədə ötən il dünya üzrə səyahət edən turistlərin sayı 4 faiz artıb. 2010-cu ildə bu göstərici 939 milyon turist təşkil edib. 2012-ci ildə bu rəqəmin 1 milyarda çatacağı gözlənilir. 2011-ci ildə turist sayının ən çox artdığı bölgələr Cənubi Amerika (10 faiz artım), Avropa (6 faiz), Asiya və Sakit okean hövzəsi (hərəyə 4 faiz) olub.
Ötən il \"Ərəb baharı\"nın baş verdiyi Afrikanın şimal ölkələrində turist sayı isə əksinə, 12 faiz azalıb. Yaxın Şərq regionunda da 8 faiz azalma qeydə alınıb.
ÜTT-nin baş katibi Taleb Rifainin sözlərinə görə, turizm sektoru dünyadakı ümumi daxili məhsulun 5 faizini təşkil edir. \"Turizm sektoru istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə hər 12 nəfərdən birini işlə təmin edir\", - o deyib.
Təşkilatın hesablamalarına görə, 2030-cu ildə dünyada 1 milyard 800 milyon insan səyahət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB