Mətbuat Şurası fakt araşdıran qrupun fəaliyyətini bərpa edib

Mətbuat Şurası fakt araşdıran qrupun fəaliyyətini bərpa edib

Azərbaycan Mətbuat Şurası (MŞ) tərəfindən qəzet satışı sahəsindəki vəziyyəti öyrənmək üçün 2010-cu ildə yaradılmış qrupun fəaliyyəti yenidən bərpa edilib.

Şuradan bildiriblər ki, qrup paytaxtın ayrı-ayrı rayonlarında mətbu vasitələrin satışının həyata keçirilməsi sahəsindəki mövcud problemləri nəzərdən keçirəcək, xüsusən qəzetlərin əldə yayılması ilə bağlı ortaya çıxan çətinlikləri araşdıracaqdır.

Mətbuat Şurası idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludan ibarət qrup yerlərdə, icra hakimiyyətlərində və digər müvafiq orqanlarda bununla bağlı görüşlərin keçirilməsini planlaşdırır. Məqsəd səyyar qəzet satışı ilə bağlı işin qanuni müstəvidə qurulmasına dəstək göstərmək üçün zəruri mexanizmlərin tətbiqini nəzərdə tutan təkliflər paketi hazırlamaqdan ibarətdir.

Mətbuat Şurasına səyyar qəzet satışı sahəsindəki problemlərlə bağlı bəzi redaksiyalardan və ayrı-ayrı qəzet satıcılarından müraciətlər daxil olub. Bunu nəzərə alaraq şura bu il yanvarın əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb və vəziyyətin qanuni mexanizminin formalaşdırılmasına kömək göstərmək xahiş olunub. Eyni zamanda MŞ məsələ ilə bağlı ölkədəki yayım firmalarının nümayəndələri, redaksiyaların təmsilçiləri ilə məsləhətləşmələr aparmış, səyyar satış işinin hüquqi tənzimlənməsindəki mümkün variantları nəzərdən keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə