Naxçıvan şəhərində 3 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilib
Naxçıvan şəhərindəki 3 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilib. SİA-nın azertag.com saytına istinadən verdiyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Yeni binanın açılış tədbirində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək göstərilən dövlət qayğısına görə şəhər sakinləri adından minnətdarlığını bildirib.
Ali Məclisin sədri Vasif Talıbov uşaq bağçasının yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, valideynləri və uşaqları təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin "Cəmiyyətdə uşaqlara qayğı hər bir vətəndaşın müqəddəs borcudur" kəlamını xatırladaraq deyib: Ulu öndərin bu tövsiyələrini əsas tutan Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq uşaq bağçaları, körpələr evləri və uşaqlarla bağlı olan digər müəssisələr şəhər və rayon icra hakimiyyətlərinin balansına verilib. Dövlət başçısının Sərəncamı uşaq bağçalarının maddi-texniki təminatının yaxşılaşdırılmasına, onların müasir tələblər səviyyəsində qurulmasına imkan verəcəkdir.
Ali Məclisin sədri deyib: "Uşaq bağçalarında təminat və istifadə edilən avadanlıqların müasir tələblər səviyyəsində olması vacibdir. Bu gün uşaqların istifadəsinə verilən bağçanın binası müasir tələblər səviyyəsində qurulmuş, lazımi avadanlıqla təmin olunmuş, burada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. 1960-cı ildə istifadəyə verilən 3 nömrəli uşaq bağçasının əvvəlki binası bugünkü tələblərə cavab vermirdi. Tələbat nəzərə alınaraq 2011-ci ildə 120 yerlik bağça binası sökülmüş və bu gün onun yerində ən müasir tələblərə cavab verən 280 yerlik yeni bina tikilmişdir".
Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən 15 uşaq bağçasından 11-i müasir tələblər səviyyəsində qurulub. Bu uşaq bağçalarında 500-dən artıq müəllim və tərbiyəçi 2073 uşağa tərbiyə verir, onları gələcəyə hazırlayır. Hazırda Naxçıvan şəhərinin ilk bağçası olan 1 nömrəli uşaq bağçası üçün də yeni binanın tikintisi davam etdirilir. Bu bağça binasının 2012-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
"Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin gələcəyi onun gənclərindən asılıdır. Vətənpərvər, intellektli, təhsilli gənclərin yetişdirilməsinə isə uşaq bağçalarından başlanır", - deyən Ali Məclisin sədri bildirib ki, bu gün müəllimlərin qarşısında mühüm vəzifələr durur. Bu vəzifələr ölkəmizin gələcəyi olan uşaqları məktəbə hazırlamaq, onları vətəndaş kimi yetişdirməkdən ibarətdir. Muxtar respublikamızdakı uşaq bağçalarında bu vəzifələrin yerinə yetirilməsi üçün hər cür şərait yaradılıb.
Ali Məclisin sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirmiş, bu yolda kollektivə uğurlar arzulamış, binanın açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilib ki, 3 nömrəli uşaq bağçasının yeni binasının tikintisinə 2011-ci ildə başlanıb. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən yüksək zövqlə, müasir memarlıq üslubunda aparılıb. Burada lazımi şərait yaradılmış, müxtəlif yaş qruplarından olan uşaqlar üçün ayrıca otaqlar istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB