“İnteqrasiya vasitəsilə əlillik haqqında stereotiplərin aradan qaldırılması” layihəsinin təqdimatı keçirilib- FOTO

“İnteqrasiya vasitəsilə əlillik haqqında stereotiplərin aradan qaldırılması” layihəsinin təqdimatı keçirilib- FOTO

Bu gün "Buta" Humanitar Uşaq Fondu 2011-ci ildə həyata keçirdiyi "İnteqrasiya vasitəsilə əlillik haqqında stereotiplərin aradan qaldırılması" adlı layihəsini təqdim edib.


SİA-nın məlumatına görə, 9 ay müddətində həyata keçirilən layihə çərçivəsində əlilliyi olan insanlar üçün mövcud olan xidmətlər haqqında məlumat toplamaq məqsədi ilə bu istiqamətdə işləyən QHT-lərlə görüşlər keçirilib.


Layihənin iştirakçısı Mətanət Quliyeva çıxışında bildirib ki, Azərbaycanda 480 mindən çox əlilliyi olan insan var ki, onların da 60 mini uşaqlardır: "Layihə çərçivəsində əlilliyi olan insanların mövcud vəziyyəti, onların bacarıqları, cəmiyyətin tələbatları araşdırılıb. Əgər əlil insanların ətrafında olan yaxın insanları da nəzərə alsaq əlilliklə bağlı problemlərlə üzləşənlərin sayı 1 milyonu keçir. Əlilliyin, yoxsulluq göstəricilərinə təsirini, təhsildən və səhiyyə vasitələrindən istifadəni məhdudlaşdırılmasını, həmçinin əlillərin ictimai ayrı-seçkiliyə məruz qaldıqlarını nəzərə alsaq, bu məsələnin mühümlüyünü də başa düşə bilərik".


"Buta" Humanitar Uşaq Fondunun rəhbəri Nazim İbadov əlillərin bəzi problemlərindən danışaraq o insanların daha çox əlil arabalarına ehtiyaclarının olduğunu vurğulayıb: "Azərbaycanda ən azı 40 min xüsusi arabalara ehtiyacı olan əlil var. Dövlət isə bu insanları yalnız ildə 1000 araba ilə təmin edə bilir. Nəzərə alsaq ki, bu arabalar da 3 ildən bir dəyişilməlidir, onda bu sahədəki problemlərin hansı səviyyədə olduğu aydın məsələdir".


Qeyd edək ki, layihə Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə