Əkbər Qoşalı: \"Biz türkdilli dövlətlərdən daha məhsuldar addımlar gözləyirik\" - MÖVQE
Azərbaycanda Atatürk Mərkəzi ictimai-siyasi şöbəsinin müdiri və Dünya Gənc Türk Yazarları Birliyinin başqanı Əkbər Qoşalının SəsTv-yə müsahibəsi
- Ortaq türk əlifbasının yaradılması ideyası olsa da, onun reallaşması deyəsən problemə çevrilib. Bunu nə ilə bağlıdır?
- Türk dünyasının birliyində, xüsusən mədəni inteqrasiyasında ortaq əlifba və ortaq ədəbi dilin mövcudluğu, ortaq tarix və ədəbiyyat kitablarının hazırlanması çox böyük əhəmiyyətə malikdir.
Ortaq türkdilli qısa bir zaman kəsiyində öz həllini tapacaq məsələ deyil. Bu işə könül vermiş, bu sahədə elmi tədqiqatlar aparmış, kitab yazmış böyük konfars və simpoziumlar təşkil etmiş şəxslər və qurumlar da bilirlər ki, bu 20 ilə sığacaq bir məsələ deyil.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra təbii ki, Azərbaycan xalqı öz soy-kökünə, milli kimliyinə qayıtdı və böyük bir millətin bir parçası olduğunu dünyaya bəyan etdi. Bizimlə eyni kökdən olan və ortaq mədəniyyəti paylaşan qan qardaşlarımızla ortaq anlaşma dili məsələsi də bu zaman meydana çıxdı. Artıq uzun illərdir ki, Azərbaycan alimləri digər türk xalqları ilə ünsiyyət yaratmaq, onların mədəniyyət və tarixini öyrənmək üçün ortaq dil və əlifba məsələsini müzakirə edir.
Bu gün ortaq dil və əlifba məsələsinin yaradılması böyük bir prosesdir və bu da sadə camaata deyil, elm və dövlət xadimlərinə lazımdır. Əlbəttə ortaq əlifbanın daha yüksək səviyyədə gerçəkləşdirilməsi üçün əlifba komissiyası yaradılmalı, bunun üçün ekspert rəyləri olmalı və bu məsələ dünya türklərinin ziyalıları tərəfindən müzakirə edilməlidir.
Türk xalqlarının birliyi ideyası XIX əsrin sonu XX əsrin əvvəllərində meydana çıxsa da, o vaxt bu ideyanı gerçəkləşdirmək mümkün olmadı. XX əsrin əvvəllərində dünyanın geosiyası xəritəsi yenidən cızılmaqda idi. Almanlar, ingilislər, ruslar, türklər vahid dövlətdə və vahid mənəvi məkanda birləşmək üçün yeni ideologiyalar, ortaq mənəvi dəyərlər axtarışlarını inamla davam etdirirdilər.
Zaman gələcək ki, bütün türk dövlət və topluluqları vahid əlifbadan istifadə edəcəklər.
- Türkdilli ölkələr arasında birliyin olmamasını Dağlıq Qarabağın işğal edilməsində və Ermənistanın işğalçı dövlət kimi tanınmamasında göstərmək olarmı?
- Bu məsələ bizim ürək ağrısı ilə qeyd etdiyimiz məsələdir. Bu gün həlledici mövqe, səlahiyyət sahibi olan türk böyüklərinin lazım olan addımlar atmaması onların özlərinə və əcdadlarına qarşı olan hörmətsizlikdir. Hamımıza məlumdur ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir və bu gün onun həlli bütün regionun ictimai-siyasi inkişafında yeni mərhələnin əsasını qoya bilər. Amma bunlara baxmayaraq, münaqişənin mövcud olduğu bu müddət ərzində hələ də beynəlxalq birlik bu məsələyə lazımi diqqət yetirməyib. İndiyədək danışıqlar prosesi heç bir nəticə verməyib, bu isə cəmiyyətdə, xüsusilə də Azərbaycanda böyük narahatlıq doğurur.
Heydər Əliyevin rəhbərliyi altında münaqişə ilə bağlı bir çox iş görülüb və bu yönümdə kifayət qədər ciddi nailiyyətlər də var. Eyni zamanda Azərbaycan üçün münaqişənin ədalətli həllinin vacib şərtlərindən biri - güclü dövlət quruculuğu həyata keçirililib. İndi həm iqtisadi, həm də siyasi sahədə Azərbaycan Ermənistanı çox böyük üstünlüklə qabaqlayıb. Bu problemin beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyümüzün təmin olunması şərtilə həll ediləcəyinə böyük inam yaradıb.
Hamımız gözəl bilirik ki, Dağlıq Qarabağ problemi Azərbaycan xalqı üçün ümummilli məsələyə çevrilib. Torpaqlanmızın işğaldan azad olunması üçün hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür. Buna görə də münaqişənin mahiyyətini, onun ağır və faciəli nəticələrini bilmək hər bir Azərbaycan vətəndaşı üçün mühüm əhəmiyyət kəsb edir.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istənilən halda və istənilən variantda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək, buna heç kim şübhə etmir.
- Azərbaycandan fərqli olaraq, digər türkdilli ölkələrin Fransaya qondarma soyqırımına görə etiraz etməmələri əvvəlki sualımızda qeyd etdiyimiz birilik məsələsinin növbəti sübutu deyilmi?
- Bunu hansısa obyektiv səbəblərdə axtarıb tapmaq olar. Bir tərəfində Çin, bir tərəfində Rusiya kimi BMT-nın Təhlükəsizlik Şurasının daimi üzvü olan iki nüvə dövləti və orta Asiyadakı yeni müstəqillik əldə etmiş türk dövlətləridir. Əlbəttə ki, bu mənzərədə Amerikanın bölgədəki maraqları, bir tərəfdə İranla bağlı gedən dünya gedişatları. Bu fonda təbii ki orta Asiyadakı türk dövlətləri bir qədər ehtiyatlı olamlı və bir qədər hadisələri zamanın axarına buraxaraq siyasəti izləmələri haradasa anlamağa çalışırıq. Biz həmin dövlətlərin tarixi həqiqətlərinə söykənərək türk dövlətləri biriyini və onların hər biri üçün ən əsas bir nicat yolu olduğunu düşünərək biz bu dövlətlərdən daha uğurlu addım gözləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB