20 Yanvar qan yaddaşımızla bərabər, həm də qürur duyduğumuz gündür

20 Yanvar qan yaddaşımızla bərabər, həm də qürur duyduğumuz gündür

Qarşıdan tarixə qanla yazılmış, hüzn günü kimi yad etdiyimiz 20 Yanvar gəlir. Bu münasibətlə dünyanın hər yerində olduğu kimi Ukraynada da yaşayan həmyerlilərimiz tədbirlər keçirir, şəhidlərimizi yad edirlər.

SİA-nın Ukrayna bürosunun məlumatına görə, belə tədbirlərdən biri də bu gün Kiyev vilayəti Fastov səhərində keçirilib. Yerli şəhər icra hakimiyyətinin nümayəndələrinin, ziyalıların və Fastov azərbaycanlılarının qatıldığı tədbirdə çıxış edən həmyerlilərimiz 20 Yanvar tarixinin qan yaddaşımız olmaqla bərabər, həm də qürur duyduğumuz gün olduğunu xüsusi vurğulayıblar.

Tədbirdə çıxış edən Fastov Şəhər Radasının deputatı, həmyerlimiz Asiman Fərhad oğlu Yarıyev hüzn gününə toplaşan həmyerlilərimizə başsağlığı verərək həmin günün Azərbaycan tarixinə qanla yazıldığını bildirib: "Xalqımız həmin gün sovet imperiyasının tankları qarşısına əliyalın çıxaraq öz mərdliyini bir daha sübut edib. Bu qanlı tarixi günə ilk dəfə qiyməti hələ Moskvada yaşayarkən ulu öndər Heydər Əliyev verib. Belə ki, bütün hədə-qorxulara baxmayaraq Ulu öndər Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin bu işdə əli olduğunu açıqca bildirmişdir. Həmin gün şəhid olan azərbaycanlı balaları xalqımızın müstəqilliyi və azadlığı uğrunda canını verən ilk qaranquşlar idi".

Tədbirdə çıxış edən digər natiqlər də həmin günün Azərbaycan tarixinə qanla yazılmasına baxmayaraq həm də qürür günü kimi qeyd olunduğunu söylədilər.Tədbir şəhidlərin ruhuna dualar oxunmaqla yekunlaşıb.


Əlmaniz Ələkbərli, Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə