Sədaqət Qəhrəmanova: \"Son dövrlərdə yeni ailə quranların nigah müqaviləsi imzalaması faktları ilə bağlı artım qeydə alınıb\" - MÖVQE

Sədaqət Qəhrəmanova: \"Son dövrlərdə yeni ailə quranların nigah müqaviləsi imzalaması faktları ilə bağlı artım qeydə alınıb\" - MÖVQE

\"Ailə qurularkən rəsmi nigahın bağlanmamasının mənfi nəticələri, fəsadları barədə əhali arasında mütəmadi qaydada maarifləndirmə tədbirləri həyata keçirilir\". SİA-nın verdiyi məlumata görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova yap.org.az saytına açıqlamasında bildirib.

Komitə sədrinin müavini qeyd edib ki, ötən ildə də bələdiyyələrin, icra hakimiyyəti nümayənəliklərinin dəstəyi ilə regionlarda vətəndaş nigahında yaşayan şəxslərin rəsmi nigaha dəvət edilməsi kampaniyasını həyata keçirdik. Bu tədbirlər öz müsbət nəticələrini verdi və elə ailələr oldu ki, iki, üç, hətta dörd uşağının olmasına baxmayaraq, rəsmi nigaha daxil oldular və onların şəhadətnaməsi təntənəli surətdə təqdim edildi\".

Onun sözlərinə görə, nigah müqaviləsi məsələsi Komitənin 2006-cı ildə yaradılışından etibarən diqqətdə saxladığı problemlərdən biridir: \"Bu məsələ ilə bağlı ailə məcəlləsinə dəyişikliklər edilməsi məqsədilə Komitə Milli Məclisə müraciət etmişdi. Əsas məqsəd ailələrin qurulması zamanı, yaxud qurulan ailədə qadınla kişi arasında nigah müqaviləsinin imzalanmasıdır. Hər həftənin çərşənbə axşamı Komitədə vətəndaşların qəbulu həyata keçirilir.

Müraciətlərdən də görürük ki, nigah müqaviləsinin olmaması boşanma zamanı bir sıra problemlərin ortaya çıxmasına səbəb olur. Belə görüşlərdə də müraciət edən vətəndaşlara nigah müqaviləsinin vacibliyi izah olunur. Komitə bu məsələni qaldırdığı ilk vaxtlarda bəzi insanlar bunun milli mentalitetimizə yad olduğunu qeyd etsə də, bir qədər keçmişə nəzər saldıqda elə bu ənənənin bir zamanlar xalqımızın mentalitetinin tərkib hissəsi olduğunu görürük. Qədimdə qızın cehizinə daxil olan, yani oğlan evinə göndərilən əşyaların siyahısı tutulardı. Bu sahədə aparılan maarifləndirmə tədbirləri də müsbət nəticələr göstərməkdədir. Belə ki, son dövrlərdə yeni ailə quranların nigah müqaviləsi imzalaması faktları ilə bağlı da artım qeydə alınıb\".

Bütün xəbərlər Facebook səhifəmizdə