ATGTİ “Somaliyə yardım” kampaniyasına yekun vurub

ATGTİ “Somaliyə yardım” kampaniyasına yekun vurub

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2011-ci il oktyabrın 10-da start verdiyi "Somaliyə yardım" kampaniyasını yekunlaşdırıb.

SİA-nın xəbərinə görə, kampaniyanın yekunu ilə bağlı keçirilən tədbirdə İttifaqın sədri Şahin İsmayilov, "Başak-İnam" Sığorta Şirkətinin nümayəndəsi Hikmət Hüseynov, MSK rəsmisi və kampaniyanın fəalları iştirak ediblər.

Tədbirdə ATGTİ-nin sədri Şahin İsmayılov "1 manat – 1 həyat" şüarı altında keçirilmiş aksiyanın əhəmiyyətindən danışmış və gənclərimizin kampaniyada yaxından iştirak etdiyini yüksək qiymətləndirmişdir, kompaniya müddətində ATGTİ-yə köməklik göstərən qurumlara təşəkkürünü bildirib.

Aksiyada Bakı, Sumqayıt və Gəncədəki ali təhsil ocaqları və kolleclərin tələbələri Somalidə aclıqdan əziyyət çəkən insanlara kömək ediblər. Bəzi dövlət qurumlarının da qatıldığı kampaniyada 15 min 2 ABŞ dolları Qızıl Aypara Cəmiyyəti vasitəsilə Somaliyə göndərilib.

Tədbirdə kampaniyada fəal iştirak edən Azərbaycan Müəllimlər İnstitutuna, Azərbaycan Dillər və Azərbaycan Dövlət Pedaqoji Universitetinə, eyni zamanda təşkilati işlərdə kömək göstərən MSK-ya, "Başak-İnam" Sğorta şirkətinə, maddi yardım göstərən "Avtonəqliyyatservis" Departamentinə və təşkilatçılığı ilə fərqlənən tələbələrə plaketlər təqdim edilib.

Qeyd edək ki, "Somaliyə yardım" kampaniyası Gənclər və İdman Nazirliyinin, "Başak-İnam" Sığorta Şirkətinin dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə